YAXIN ŞƏRQ FƏLAKƏTİN ASTANASINDA…

İsrail ordusunun Livanda quru əməliyyatına başlaması Yaxın Şərqdə vəziyyətin ciddi şəkildə gərginləşdiyini göstərir. Bu hadisə regional münaqişələrin daha da böyüməsinə geniş imkanlar açır. Çünki bu cür əməliyyatlar birbaşa hərbi-siyasi, diplomatik və humanitar nəticələr doğurduğundan bu proses sonrakı mərhələdə qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər.

Livanda quru əməliyyatının əsas hədəfi İsrailin uzun müddətdir qarşıdurma yaşadığı “Hizbullah” qruplaşmasıdır. İsrail “Hizbullah”ı özünün təhlükəsizlik maraqlarına ciddi təhdid kimi görür. Quru əməliyyatı Livanda geniş hərbi-siyasi nüfuza malik olan “Hizbullah”ın hərbi gücünü zəiflətmək və onun İsrailə qarşı hücumlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Lakin bu vəziyyət “Hizbullah”ın və onun tərəfdarlarının ciddi cavab tədbirləri ilə də nəticələnə bilər, Livan-İsrail müharibəsinə gətirib çıxara bilər.

İsrailin Livanda həyata keçirdiyi quru əməliyyatı Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirəcək. İranın “Hizbullah”ı dəstəklədiyini nəzərə alsaq, o zaman İsraillə İran arasında birbaşa və ya dolayı toqquşma riskinin artdığını görə bilərik. Eyni zamanda, əməliyyat Suriyada və İraqda İranın təsiri altında olan silahlı qrupların da İsrailə qarşı hərəkətə keçməsinə səbəb ola bilər, bu isə geniş regional qarşıdurmaya gətirib çıxara bilər.

İsrailin Livanda hərbi əməliyyatlarına qarşı beynəlxalq reaksiya qarışıqdır. Qərb dövlətləri, xüsusilə ABŞ və Avropa İttifaqı İsraili dəstəkləyir. Lakin şübhəsiz ki, genişmiqyaslı quru əməliyyatı bölgədə humanitar fəlakətə gətirib çıxaracaq. Bu isə  ərəb dünyasında ciddi narazılıqların yaranmasına, etirazların güclənməsinə səbəb olacaq. Xüsusilə Səudiyyə Ərəbistanı, Misir və körfəz ölkələri İsrailin Livandakı əməliyyatlarına təzyiq etməyə çalışacaqlar.

Livan onsuz da ciddi iqtisadi və siyasi böhranla üzləşib. İsrailin quru əməliyyatı isə ölkəni daha da zəiflədəcək. Genişmiqyaslı humanitar böhran mülki əhalinin zərər görməsinə və evlərini tərk etməsinə səbəb olacaq, qaçqın axınının artması və humanitar yardıma olan ehtiyacın kəskinləşməsi regional humanitar vəziyyəti daha da ağırlaşdıracaq. Bu əməliyyat regional sülh səylərinə ciddi zərbə vuracaq. İsrail və bəzi ərəb ölkələri arasında 2020-ci ildə imzalanmış “İbrahim sazişləri” çərçivəsində normallaşan əlaqələr bu cür hərbi əməliyyatlarla zəifləyəcək. Ərəb ölkələri, xüsusən də körfəz dövlətləri İsraillə iqtisadi və diplomatik əlaqələrini dondura bilər, bu isə Yaxın Şərqdə sülh perspektivlərini daha da mürəkkəbləşdirəcək.

MTM Analitik Qrup