YAXIN ŞƏRQ DAHA BÖYÜK FƏLAKƏTƏ SÜRÜKLƏNİR; İSRAİL-İRAN SAVAŞININ MİQYASI GENİŞLƏNİR

ABŞ-ın “Gecəyarısı Çəkic” kod adlı əməliyyatı ilə İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumun yaxın Şərqdə hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf etdirəcəyi indi əsas müzakirə predmetlərindən biridir. İran bu zərbələrə mütləq şəkildə cavab verəcəyini bəyan edir. Ölkənin ali dini lideri Əli Xamneyi ABŞ-nin İsrailin ölkəsinə qarşı hücumlarına qoşulmasından sonra ilk şərhində “sionist düşməni” cəzalandıracağına söz verib. O, “X” sosial şəbəkəsində dərc olunan bəyanatında bu xüsusda qeyd edib: “Sionist düşmən böyük bir səhv etdi, böyük bir cinayət etdi; cəzalandırılmalıdır və cəzalandırılır”.

İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ABŞ-yə mütləq cavab veriləcəyini qeyd edib. Tehranı təmkinli olmağa çağıran  Makrona Pezeşkian belə cavab verib: “ABŞ İrana hücum edib. Bənzər vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, cavab almalıdırlar. Xalqımız heç vaxt güc və hədə-qorxuya boyun əyməyəcək və təbii ki, təcavüzə də buna uyğun cavab verəcək”. Bunlar fonunda ABŞ bəyan edir ki, İrandan hansısa cavab olarsa, onda bu ölkəyə daha ağır zərbələr endiriləcək. Paralel olaraq, ABŞ Prezidenti Donald Tramp Tehranda mümkün rejim dəyişikliyinə eyham vuraraq deyib: “İndiki İran rejimi İranı yenidən böyük etməyə qadir deyilsə, niyə rejim dəyişikliyi olmasın?”. Qeyd edilməlidir ki, İsrailin də bu məsələdə yanaşması ABŞ ilə üst-üstə düşür. Belə görünür ki, bu məqsədə çatmayana qədər ABŞ və İsrailin dayanması müşahidə olunmayacaq. İran isə sonadək müqavimət göstərməkdə israrlıdır. Nəticə etibarı ilə Yaxın Şərqdə müharibənin daha da kəskinləşməsi qaçılmaz görünür. Belə bir vaxtda İranın Hörmüz boğazını bağlamaq niyyəti hadisələrin inkişafını daha gərgin məcraya sürükləyir.

Qeyd olunmalıdır ki, İrana hücumdan əvvəl Tramp nüvə danışıqları ilə bağlı bu ölkəyə iki həftə vaxt verdiyini bəyan etmişdi. Lakin heç 48 saat keçməmiş hücum reallaşıb. Əməliyyat iyunun 20-də B-2 bombardmançılarının Missuri ştatından 18 saatlıq səfərə çıxması ilə başlayıb. ABŞ Hərbi Hava Qüvvələri yeraltı hədəfləri vurmaq üçün hazırlanmış  GBU-57 hava bombalarından və sualtı qayıqlardan buraxılan  “Tomahawk” qanadlı raketlərindən istifadə edib. ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn bildirir ki, ölkə ərazisindən havaya eyni vaxtda bir neçə B-2 bombardmançı təyayrəsi qalxıb. Onlardan biri qəsdən qərbə istiqamətləndirilib ki, qarşı tərəf bu hərəkətlilikdən xəbər tutacağı halda əsl məqsədin nə olduğunu bilməsin. Qalan bombardmançılar 18 saatlıq uçuş boyunca minimum rabitə ilə sakitcə şərqə doğru irəliləyib. Ümumiyyətlə, ABŞ-nin bu  əməliyyatında yeddi B-2 bombardmançı iştirak edib. Məlumata görə, B-2-lər, yanacaq dolduran tankerlər, kəşfiyyat təyyarələri və döyüş təyyarələri də daxil olmaqla 125-dən çox təyyarə İranda hücumda iştirak edib.

Den Keyn qeyd edir ki, ABŞ sualtı qayığı tərəfindən  İsfahan nüvə sahəsində yerləşən əsas yerüstü infrastruktur hədəflərinə qarşı iyirmidən çox “Tomahawk” qanadlı raketləri buraxılıb. Bunun ardınca, B-2 bombardmançı təyyarəsi Fordo nüvə sahəsinə iki bunker bombası atıb. Den Keynin sözlərinə görə, qalan bombardmançılar müvafiq  hədəfləri vurublar. ABŞ təyyarələri İranın hava məkanını tərk etdikdən sonra Tramp özünün sosial media platforması olan “Truth Social” şəbəkəsi vasitəsilə dünyaya hücumu açıqlayıb: “Biz İrandakı üç nüvə obyektinə obyektinə – Fordo, Natanz və İsfahana çox uğurlu hücumumuzu tamamladıq”. Tramp qeyd edib ki, əsas nüvə mərkəzi yerə Fordoya tam bir bomba yükü atılıb.  Fordo və Natanzda uranın zənginləşdirilməsi üçün sentrifuqalar, İsfahanda  isə bu sentrifuqaların istehsalı üçün qurğular əsas hədəf olub. Amerika Prezidenti xalqa müraciətində Fordunun artıq olmadığını bildirib və iranlılardan müharibəyə son qoymağa razılıq vermələrini tələb edib: “İrandakı bütün nüvə obyektləri peyk görüntülərindən göründüyü kimi böyük zərər görüb. Məhv olmaq burada düzgün termindir! Ən böyük dağıntı yerin dərinliklərində baş verib”. İran hələ ki, nüvə obyektlərinə dəyən zərərin həcmini açıqlamayıb. Lakin güclü möhkəmləndirilmiş Fordo ərazisinin peyk şəkilləri üç yerdə zərər olduğunu göstərir: bunker bombalarının yaratdığı iki krater və nüvə reaktorunu qorumaq üçün nəzərdə tutulmuş zədələnmiş hava hücumundan müdafiə qurğusu.

İranın dövlət televiziyası bildirib ki, nüvə materialı zərbələrdən öncə hər üç obyektdən başqa yerə aparılıb. Bundan əvvəl isə İran bəyan edib ki, ABŞ hücumları olarsa, ətraf ərazilərdə yerləşən 10-dan çox ABŞ bazasına zərbə endiriləcək. Lakin o da faktdır ki,  İran ABŞ-ın Körfəz Əməkdaşlıq Şurası ölkələrindəki bazalarına zərbə endirsə,  bu, Tehran və körfəzin ərəb monarxiyaları arasında münasibətlərdə əldə edilmiş irəliləyişə xələl gətirəcək. Eyni zamanda Tehran artıq İranın nüvə proqramlarının inkişafının davam edəcəyini bəyan edib. İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi “Tasnim” xəbər agentliyinə deyib: “Onlar bilməlidirlər ki, bu sənayenin ölkəmizdə öldürülməsi mümkün olmayan kökləri var. Təbii ki, biz zərər çəkmişik, lakin nüvə sənayesi bununla ilk dəfə qarşılaşmır. Biz tez-tez bir neçə zərbənin İranın nüvə proqramını tez bir zamanda məhv edəcəyi barədə sadə fikri eşidirik. Amma bu proqram uzun müddətdir mövcuddur və bir neçə yeraltı obyektdə yerləşir. İran sistemi həmişə uyğunlaşıb. Alimləri zərərsizləşdirmək yalnız proqramı gecikdirəcək, amma onu dayandırmayacaq”. Belə vəziyyət o deməkdir ki, ABŞ və İsrailin İranla savaşı davam edəcək. Çünki savaş üçün açıqlanan səbəb aradan qaldırılmır. Eyni zamanda Hörmüz boğazının İran tərəfindən bağlanmasına cəhd də müharibə üçün əlavə əsas yaradır.

Bütün bunlar fonunda ABŞ-nin özündə də İrana zərbələr məsələsində ciddi parçalanma qeydə alınır. Konqresmen Marcori Taylor-Qrin bununla bağlı qeyd edir: “Amerika böyüklüyün astanasında olanda hər dəfə xaricdə başqa bir müharibəyə giririk”. İrana qarşı Konqresin də razılığı olmadan həyata keçirilən zərbələr Demokratlar tərəfindən də tənqid edilib. Senatın Demokratlardan olan  nümayəndəsi Dik Durbin bəyanat yayaraq, Trampın İrana hücum əmri verməklə ABŞ Konstitusiyasında nəzərdə tutulan səlahiyyət həddini pozduğunu bildirib. O qeyd edir ki, Prezident Trampın İranı bombalamaq üzrə hərəkətləri ABŞ-ni Yaxın Şərqdə daha genişmiqyaslı müharibənin astanasına gətirib. Onun sözlərinə görə, Tramp Konstitusiyanın tələblərini pozub. Konstitusiyaya əsasən, yalnız ABŞ Konqresi müharibə elan edə bilər, baxmayaraq ki, prezidentlər bəzi hallarda, xüsusən də qaçılmaz təhlükənin qarşısını almaq üçün birtərəfli hərbi hərəkət üçün qərar verə bilərlər. Bu fonda konqresmen Aleksandriya Okassio-Kortez Trampın impiçmentini təklif edib. Respublikaçılar Partiyasını Nümayəndələr Palatasında təmsil edən Tomas Massi həmkarlarını İrana qarşı hər hansı hərbi əməliyyat üçün Konqresin təsdiqini tələb edən qanun layihəsinə səs verməyə çağırıb. Tramp isə  Massini tənqid edib və onu Respublikaçıların maraqlarını təmsil etməyən “mənfi qüvvə” adlandırıb.

Proseslər göstərir ki, ABŞ-də narazılığa baxmayaraq, İrana qarşı bu ölkə İsraillə birlikdə hərəkət etməkdə davam edəcək. Elə bu da Yaxın Şərqin daha dəhşətli qarşıdurmalara şahidlik etməyə davam edəcəyini göstərir. 

MTM Analitik Qrup