“YAŞIL QARABAĞ” İDEYASI MÖVZUSUNDA GÖRÜŞ TƏŞKİL OLUNUB

İşğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın, biomüxtəlifliyin bərpası və “Yaşıl Qarabağ” ideyası mövzusunda işgüzar görüş keçirilib.

Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən təşkil olunan tədbirdə ekologiya və təbii sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Muxtar Babayev və Fonda ianə edən donor şirkətlərin nümayəndələri iştirak ediblər.

Fondun mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası, meşə massivlərinin salınması üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək məqsədilə təşkil olunan müzakirə görüşündə iştirak etdikləri üçün qonaqlara minnətdarlığını bildirib.

İşğal dövründə Azərbaycanın meşə fondu sahələrinin ekoloji terrora məruz qaldığını və bu dövrdə düşmənin regionun təbii sərvətlərini talan etdiyini vurğulayan R.Hacıyev qonaqlara həmin görüntülərin əks olunduğu “Qarabağda ekosid” videoçarxını və bu mövzuda Fondun atdığı addımları əks etdirən təqdimatı nümayiş etdirib.

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev belə təşəbbüslər çərçivəsində göstərilən birliyin Qarabağda davamlı gələcəyə dəstək olacağını qeyd edib.

Görüşdə, həmçinin korporativ ianəçilik mədəniyyətinin təşviqi mövzusunda fikir mübadiləsi aparılıb.

Sonda işğaldan azad olunan ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlar – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “PAŞA Bank” ASC, “Avrora Qrup”, “Stevedoring” MMC, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Gilan Holding” və “Libraff” “İanə Sertifikatı” ilə təltif olunub və bütün iştirakçılara görüşün məqsədinə uyğun olaraq rəmzi ağac tingləri hədiyyə edilib.