“YAŞIL MARAFON 2022” AĞACƏKMƏ KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ AKSİYA KEÇİRİLİB

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası aprelin 23-də Müşfiqabad qəsəbəsində keçirilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına ETSN yanında İctimai Şuranın nümayəndələri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Bakı Modern Təhsil Kompleksi və Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin müəllim, tələbə və şagirdləri qoşulublar.

Beynəlxalq Yer Günü ilə əlaqədar keçirilən aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.