YAŞIL İNKİŞAF STRATEGİYASI AZƏRBAYCANA TƏRƏQQİSİNDƏ DAHA BÖYÜK UĞURLAR QAZANDIRIR

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində aparılan müzakirələr bir daha təsdiq etdi ki, yaşıl inkişaf strategiyası müasir dünyanın ekoloji, iqtisadi və sosial problemlərinin həlli üçün sadəcə bir seçim deyil, həm də zərurətdir. Sözügedən strategiya bərpa olunan enerjinin, resursların səmərəli idarə edilməsinin, davamlı kənd təsərrüfatının yaradılmasının təşviqinə xidmət etdiyindən bilavasitə modern inkişafı özündə əks etdirir. Bu zaman təbii ehtiyatların qorunması, ətraf mühitə yönəlik çirklənmənin azaldılması və ekosistem tarazlığının qorunması ön planda yer alır. Bu vəziyyətdə dünyada artıq belə bir fikir hakimdir ki, bəşəriyyətin üzləşdiyi iqlim böhranının fəsadlarının aradan qaldırılması ölkələrin tərəqqilərində  yaşıl inkişaf strategiyasını nə dərəcədə uğurla reallaşdırmasından asılı olacaq.

İqlim dəyişmələrinə qarşı mübarizədə liderlər sırasında yer alan Azərbaycan yaşıl inkişaf strategiyasının həyata keçirilməsində artıq dünyanın ən yaxşı nümunələrindən birini yaradır.  Ölkəmiz enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının emissiyasını azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını getdikcə daha böyük intesivliklə reallaşdırır.  Bu strategiya ətraf mühitə təsirləri minimuma endirməklə yanaşı, iqtisadi artıma rəvac verən texnologiyaların və təcrübələrin geniş tətbiqini, inklüziv artımı da özündə ehtiva edir. O, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə də tamamilə  uyğundur.

Aşağı karbonlu iqtisadiyyat istixana qazı emissiyalarını azaldır və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. Təbii ekosistemləri qorumaqla yaşıl inkişaf strategiyası qida təhlükəsizliyi, su təchizatı və iqlim tənzimlənməsi üçün vacib olan biomüxtəlifliyin mühafizəsində də mühüm rol oynayır. Barəsində bəhs olunan bu strategiyanın daha bir üstünlüyü iqtisadi dayanıqlığın artırılması ilə bağlıdır.  Çünki yaşıl inkişaf strategiyası resurslardan asılılığı azaldır, ətraf mühit və bazar şoklarına daha davamlı olan iqtisadiyyat qurulmasına gətirib çıxarır.

O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan yaşıl inkişaf strategiyasını COP29-dan çox əvvəl qarşıya əsas məqsədlərdən biri kimi qoyub, bu istiqamətdə müvafiq fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən edilmiş müddət ərzində ölkənin sosial-iqtisadi tərəqqisinə dair müəyyənləşdirilən beş milli prioritetdən biri məhz Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmasıdır. Bu da o deməkdir ki, Azərbaycanın iqtisadi inkişafı eyni zamanda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəni nəzərdə tutur. Artıq Azərbaycanda iqtisadi artımla ekoloji mühit tarazlı xarakter daşıyır. Amma ölkəmiz üçün başlıca məqsədlərdən biri bu təcrübənin dünya miqyasında geniş şəkildə istifadə olunmasıdır. Çünki inkişafın və tələbatların ödənilməsinin davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin məcmu şəkildə nəzərə alınması artıq zəruri şərtdir. Digər tərəfdən bu, daha keyfiyyətli məhsul istehsalına da əlverişli zəmin və tələb yaradır. Davamlı qabaqcıl təcrübələri mənimsəyən müəssisələr ekoloji cəhətdən təmiz məhsul və xidmətlərə üstünlük verən bazarlarda rəqabət üstünlüyünü qorumaq üçün belə məhsulların istehsalına daha çox diqqət etməyə məcburdurlar.  Bütün bunlar həm də iqlim böhranının həllinə böyük töhfələr verir.

Nəzərə alınması vacib məqamlardan biri də budur ki, dünyada artan tələbin səmərəli şəkildə qarşılanması da yaşıl inkişaf strategiyasından əhəmiyyətli dərəcədə asılı olacaq. Hazırda 8 milyarda çatan dünya əhalisinin sayının 2050-ci ildə 9 milyard olacağı gözlənilir. Bu da öz növbəsində məcmu tələbdə növbəti artıma səbəb olacaq. Lakin diqqətdən qaçmamalıdır ki, qeyri-məhdud xarakterə malik tələbatın ödənilməsində təbiətin məhdud resurslarından istifadə olunur. Bu səbəbdən resurslardan daha səmərəli istifadə zəruri şərtə çevrilir. Belə səmərəliliyi təmin edən əsas məqamlardan biri məhz yaşıl inkişaf strategiyası, onun uğurla reallaşmasıdır.

Daha bir önəmli faktor bu strategiyanın resursların bərpasına, hətta artmasına zəmin yaratmasıdır. Məsələn, yaşıl inkişaf strategiyası çərçivəsində mövcud meşələrin qorunması, onların sahəsinin artırlması, deqradasiyaya uğramış torpaqların bərpası kimi məsələlər də yer alır. Təkrar emal, mal və materialların təkrar istifadəsi və ətraf mühitə minimum təsir göstərən məhsullar hazırlanması vasitəsilə tullantıların azaldılması da yaşıl inkişaf strategiyasının əsas üstünlüklərindən biridir.

Yaşıl inkişaf qlobal əməkdaşlıq tələb edir. Paris Sazişi, Bakı Maliyyə Məqsədi  kimi beynəlxalq müqavilələr və Yaşıl İqlim Fondu kimi təşəbbüslər ölkələr üçün davamlı strategiyaların həyata keçirilməsi üçün çərçivələr və resurslar təmin edir. Texnologiya transferi, tədqiqat və maliyyələşdirmə sahəsində əməkdaşlıq bütün dünyada yaşıl inkişafın genişləndirilməsi üçün vacibdir. Bu fonda COP29 çərçivəsində aparılmış müzakirələr və əldə edilmiş razılıqlar bir daha təsdiqlədi ki, innovasiyalar, əməkdaşlıqlar və öhdəliklər sayəsində daha yaşıl gələcək əldə etmək olar.

MTM Analitik Qrup