Milli Məclisdə birinci oxunuşda qəbul edilmiş 2025-ci ilin dövlət büdcəsi layihəsi ölkənin sosial-iqtisadi inkişaf prioritetlərini nümayiş etdirməklə yanaşı, yaşıl enerjiyə keçid və ekoloji təhlükəsizliyə xidmət edən tədbirlərin ardıcıl və məqsədyönlü xarakterini göstərir.
Bu kontekstdə mühüm yeniliklərdən biri də ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı sektoru, ekoloji profilli məqsədli büdcə fondları və 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində “yaşıl büdcə” üzrə xərclərin işarələnməsinə başlanılmasıdır. 2025-ci ildə bu istiqamət üzrə ayrılacaq 1,3 milyard manat vəsaitin 1 milyard manatının iqlim dəyişiklikləri ilə mübarizə – istixana qazı emissiyalarının azaldılması, 300 milyon manatının ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldilməsi nəzərdə tutulur. Digər mühüm məqam “yaşıl büdcə xərcləri”nin 16 faizdən çox artımıdır və bu da Azərbaycan hökumətinin COP29 çərçivəsində bəyan etdiyi strateji məqsəd və hədəflərə, əldə olunmuş razılaşmalara sadiqliyinin göstəricisidir.
Ümumiyyətlə, tarixi nəticələrlə yadda qalan COP29 çərçivəsində aparılmış müzakirələr bir daha təsdiqləyib ki, qlobal istiləşməyə qarşı kollektiv mübarizənin ilkin şərti, ilk növbədə, hər bir dövlətin üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, ekoloji təhlükəsizlik tədbirlərinə ayrılan maliyyə vəsaitlərini artırmasıdır. Azərbaycanın dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitlərin ilbəil artımı 1999-cu il 8 iyun tarixli “Ekoloji təhlükəsizlik haqqında” qanunun tələblərindən irəli gəlir. Qanuna əsasən, ekoloji təhlükə dedikdə, insanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen, təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət başa düşülür. Təhlükəli ekoloji vəziyyəti yaradan amillər sırasında atmosferə buraxılan karbon qazı emissiyaları ilə yanaşı, antropogen və təbii təsirlər, təbii fəlakətlər, münaqişələr və digər amillər yer alır.
Bu kontekstdə ölkənin inkişaf strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində ekoloji təhlükəsizliyin üstün qaydada təmini; ekoloji təhlükəsizliyin ümumdünya, regional və yerli səviyyədə təmini məqsədilə beynəlxalq əməkdaşlığın inkişafı; biosferin və onun bütün komponentlərinin qorunub saxlanılmasının, insanların həyatı və fəaliyyəti üçün ekoloji cəhətdən təhlükəsiz şəraitin təminat sisteminin yaradılması; ölkə ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət və yerli özünüidarəetmə orqanlarının uzlaşdırılan fəaliyyətinin təmini; ekoloji təhlükəsizlik sahəsində hüquq normalarının pozulması nəticəsində insanların həyat və sağlamlığına zərər vurulması hallarının qarşısının alınması və digər məsələlər dövlətin əsas vəzifələri sırasında yer alır.
Ölkə iqtisadiyyatının, o cümlədən mədənçıxarma və emal sənayesi sahələrinin, tikinti kompleksinin sürətli inkişafının, urbanizasiya prosesinin ətraf mühitə təsirlərinin azaldılması da hazırda vacib hədəflərdən biridir. Paytaxt Bakıda və regionlarda torpaqların, su hövzələrinin və atmosferin çirklənməsinin yol verilən normativ göstəricilərdən yüksək olması fonunda ekoloji təhlükəsizlik sahəsində tədbirlərin genişləndirilməsi təxirəsalınmaz məsələyə çevrilib. Bu zərurət həm də içməli şirin su ehtiyatlarının azalması, meşələrin seyrəkləşməsi, torpaqların eroziyası, sürüşmə və səhralaşma prosesləri ilə şərtlənir.
Abşeron yarımadasında, Kür-Araz ovalığında, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan kimi sənaye mərkəzlərində ərazilərin neft, neft məhsulları, aqrokimyəvi maddələr və məişət tullantıları ilə çirklənməsi hallarına daha geniş rast gəlinir. Xəzər dənizinin sahilboyu zolağında və ölkənin digər regionlarında su hövzələrinin təbii keyfiyyətinin bərpası üçün kanalizasiya şəbəkələrinin yenidən qurulması, çirklənmiş torpaqların təmizlənməsi, meşə və yaşıllıqların salınması, ənənəvi qalıq yanacaq növləri ilə çalışan nəqliyyat vasitələrindən elektromobillərə sürətli keçidin təmini də əsas məqsədlər sırasındadır.
Bütün bunlarla yanaşı, ölkənin azad edilmiş ərazilərində ekoloji tədbirlərin genişləndirilməsi, işğalın, habelə hələ də aktual olan mina probleminin ətraf mühitə – flora və faunaya dağıdıcı təsirlərinin tədricən aradan qaldırılması təxirəsalınmaz hədəflərdəndir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri çərçivəsində erməni vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin, bitki örtüyünün bərpası, su hövzələrinin təmizlənməsi və s. tədbirlər külli miqdarda maliyyə vəsaiti tələb edir.
Mühüm neft və qaz hasilatçısı olan Azərbaycan qlobal istiləşmə ilə mübarizə məqsədinə xidmət edən büdcə vəsaitlərini artırmaqla, yaşıl enerjiyə sürətli keçiddə maraqlı olduğunu, bu məqsədin reallaşdırılmasına xidmət edən iri investisiya layihələrini maliyyələşdirmək niyyətini göstərir. Məqsəd həm də ölkəmizin bərpaolunan enerji mənbələrindən səmərəli istifadəsini təmin etmək, yaşıl enerji istehsalı və ixracı ilə bağlı qarşıya qoyulan vəzifələri reallaşdırmaqdır. 2030-cu ilədək yaradılacaq azı 7 QVt yaşıl enerji güclərinin 70 faizindən çoxunun ixraca yönəldilməsi məqsədilə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir. Həmin layihələrin maliyyələşdirilməsi də hazırda xüsusi diqqət mərkəzindədir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri əksini tapıb. Son bir neçə ildə ölkəmizdə bu sahəyə yönəldilmiş yaşıl investisiyaların həcminin 1 milyard dollardan çox olması da deyilənlərə əyani sübutdur.
Nəhayət, “yaşıl büdcə” xərclərinin artımı ölkə əhalisinin sağlam və təhlükəsiz ekoloji mühitdə yaşaması, yeni park və xiyabanların, qoruqların, meşəliklərin salınması məqsədlərinə hesablanıb. Bu isə ölkədə yürüdülən siyasətin əsasında insan amilinin dayandığını bir daha sübut edir.
MTM Analitik Qrup