YAŞIL ENERJİNİN İNKİŞAFI VƏ ÖTÜRÜLMƏSİ ÜZRƏ NAZİRLƏRİN 9-CU İCLASI KEÇİRİLİB

Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 9-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.

Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil edib.

Görüşdə Bolqarıstanın energetika naziri Vladimir Malinov, Avropa Komissiyasının enerji siyasəti üzrə direktoru Kristina Lobillo Borrero, “CESI” şirkətinin Baş icraçı direktoru Nicola Melchiotti, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Mark Bouman, Avropa İnvestisiya Bankının (AİB) “Wind Europe” şirkətinin rəsmiləri, həmçinin ötürücü sistem operatorlarının nümayəndələri iştirak ediblər.

İclasda “CESI” şirkəti tərəfindən “Yaşıl Enerji Dəhlizi Layihəsi” üzrə aparılan texniki-iqtisadi əsaslandırmanın (TİƏ) ilkin nəticələrini əks etdirən hesabat təqdim olunub. Bərpaolunan enerji və “yaşıl hidrogen” üzrə tələbat və istehsala dair proqnozlar, texnologiyalar, interkonnektorların texniki-iqtisadi potensialı barədə məlumatlar diqqətə çatdırılıb. Yaşıl elektrik və hidrogen infrastrukturunun yaradılması və ötürülməsinə dair ilkin təhlillər bölüşülüb.

Energetika naziri Pərviz Şahbazov çıxışında “yaşıl enerji dəhlizi”nin Azərbaycanın COP təşəbbüslərindən biri olduğunu vurğulayaraq layihə üzvlərini bu təşəbbüsü dəstəkləməyə çağırıb. Nazir qeyd edib ki, texniki-iqtisadi əsaslandırmanın (TİƏ) ilkin nəticələri layihə üçün potensial biznes modelləri ilə bağlı müzakirələrə başlamağı, tələb və təkliflə bağlı aydın və uzunmüddətli planları zəruri edir. O, layihənin fiber-optik komponenti üzrə tezliklə ekspert qrupunun görüşünün keçirilməsini təklif edib. Müzakirələr zamanı məsləhətçinin texniki-iqtisadi əsaslandırmanın uğurla tamamlanması üçün tərəflərlə əməkdaşlığını davam etdirməsi tövsiyə olunub. AYİB və AİB-in layihəyə marağı və texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra əməkdaşlıq imkanları qeyd olunub. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü ilə bağlı əldə olunmuş irəliləyişlər yüksək qiymətləndirilib. Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında regional enerji təhlükəsizliyinin, yaşıl enerji keçidinin və əlaqələndirmənin gücləndirilməsi niyyəti bir daha ifadə edilib.

Yeni təsis olunmuş Birgə Müəssisənin fəaliyyət planının hazırlanması ilə bağlı işlər də müzakirə olunub. 8-ci Nazirlər Görüşündə qəbul olunmuş qərara uyğun olaraq energetika nazirinin müşaviri Fərhad Məmmədov Birgə Müəssisənin Baş direktoru təyin edilib. Yekunda Birgə Müəssisənin fəaliyyəti üzrə hüquqi məsələlərin tezliklə yekunlaşdırılması razılaşdırılıb.

Bolqarıstanın Sazişə qoşulması ilə bağlı ölkənin marağına və nazirlərin əvvəlki görüşlərinin qərarlarına əsaslanaraq zəruri prosedurlara başlamaq barədə razılığa gəlinib. İclasın yekunlarına dair Protokol imzalanıb.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb.