
İqlim dəyişikliyi ilə bağlı qlobal narahatlıqlar artdıqca, dünya ölkələri davamlı inkişafın təməl daşı kimi yaşıl enerjiyə getdikcə daha çox üz tuturlar. Enerjinin bu növü təkcə ekoloji problemləri həll etmir, həm də iqtisadi artıma, enerji təhlükəsizliyinə və məşğulluğun yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir. Bərpa olunan enerji resurslarını inkişaf etdirməklə ölkələr həm də müasir tərəqqi çağırışlarına uğurla cavab verirlər. Bunu Azərbaycan nümunəsi də təsdiq edir.
Qarşıdakı dövr ərzində Azərbaycan yaşıl enerji hesabına iqtisadi tərəqqisini daha dinamik hala gətirməyi, ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. O da qeyd olunmalıdır ki, Azərbaycan yaxın tezlikdə yaşıl enerjinin mühüm ixracatçılarından biri olacaq. Bundan başqa, yaşıl enerjinin istehsal həcminin artımı Azərbaycana ölkə daxilində daha çox təbii qaza qənaət etməyə və həmin həcmi ixraca yönləndirməyə də imkan verəcək.
Hazırda ölkəmiz yaşıl enerji ilə bağlı ən qabaqcıl təcrübənin tətbiqi istiqamətində müvafiq fəaliyyət həyata keçirir, bu sahədə böyük nailiyyətlər əldə edən ölkələrlə, şirkətlərlə səx əməkdaşlıq edir. Bunu Prezident İlham Əliyevin Çinə dövlət səfəri kontekstində bir daha görmək mümkündür. Qeyd olunmalıdır ki, Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı, indi yaşıl enerji üzrə də əməkdaşlıq yeni inkişaf mərhələsinə daxil olub. Bunu ölkələr arasında imzalanan yeni sazişlər də təsdiq edir. Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair altı sənəd imzalanıb.
Azərbaycan yaşıl enerji əməkdaşlığı baxımından iki ölkənin potensialdan uğurla bəhrələnmək istiqamətində uğurlu addımlar atır. Məsələ ilə bağlı Prezident İlham Əlyev Çinin CGTN telekanalına müsahibəsində qeyd edib: “Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Sadəcə, müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq – 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik”.
Bəllidir ki, iqtisadi baxımdan yaşıl enerji sektoru inkişaf və innovasiya üçün geniş imkanlar təqdim edir. Texnologiya təkmilləşdikcə və xərclər azaldıqca, bərpa olunan enerji qalıq yanacaqlarla getdikcə daha rəqabətli olur. Bu dəyişikliyi vaxtında görən ölkələr qlobal təmiz enerji iqtisadiyyatında liderlər cərgəsinə yüksəlir. Azərbaycan yenə bunun ən yaxşı nümunələrindən birinin müəllifidir. Ümumiyyətlə, ölkəmizdə yaşıl enerji sadəcə, ekoloji zərurətdən irəli gəlmir, o, həm də inkişaf üçün katalizatordur. Emissiyaları azaltmaqla, enerji təhlükəsizliyini artırmaqla, iş yerləri yaratmaqla və elektrik enerjisinə çıxışı genişləndirməklə bərpa olunan enerji daha davamlı və firavan gələcəyin əsasını qoyur. Bu fonda qeyd olunduğu kimi yaşıl enerji sahəsində daha böyük nailiyyətlərin əldə edilməsi üçün Azərbaycan sözügedən sahədə qabaqcıl təcrübə müəllifləri ilə sıx əməkdaşlıq edir və onlar arasında Çinin xüsusi çəkisi artır.
Görülən işlər nəticəsində yaxın tezlikdə Azərbaycan elektrik enerjisinə olan daxili tələbatının böyük bir hissəsini yaşıl enerji hesabına ödəyəcək. Həmçinin artan istehsal ölkəmizə daha çox həcmdə yaşıl enerji ixrac etmək imkanı qazandıracaq. İstehlak qabiliyyəti və qiymət baxımından cəlbedici olan Avropa bazarı Azərbaycandan gələn yaşıl enerjini almağa hazırdır və artıq müvafiq razılaşmalar da var. Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edərkən bu mövzuya da toxunub. Dövlət başçısı qeyd edib ki, ölkəmizlə Avropa arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Prezident İlham Əliyev onu da vurğulayıb ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.
Yaşıl enerji ilə yanaşı, Avropa Azərbaycandan idxal etdiyi qazın həcminin artırılmasında da maraqlı tərəf kimi çıxış edir. Xatırlatmaq lazım gəlir ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Ötən il Azərbaycandan Avropaya 12,9 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə qardaş Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac olunub. Cari ilin yanvar-mart aylarında Avropaya 3 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,7 kubmetr qaz ixrac olunub. 2024-cü ildə xaricə qaz satışı daha əvvəlki illə müqayisədə 5,8 faiz çox olub. Cari ildə isə ixrac göstəricisinin daha böyük rəqəmlə ifadə edilməsi gözlənilir. 2027-ci ilin sonunadək ölkəmizdən Avropaya təbii qazın ixrac həcminin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Amma ölkə daxilində yaşıl enerjinin istehsal həcminin artması ilə Azərbaycan Avropaya daha çox təbii qaz ixrac etmək imkanı qazanır.
Aparılan hesablamalar göstərir ki, 2024-cü ildə Azərbaycanda təbii qazın istehlakı 13 milyard 666 milyon 353 min 138 kubmetr təşkil edib. Bu da daha əvvəlki 2023-cü ilin göstəricisi ilə müqayisədə 226 milyon 652 min 169 kubmetr və ya 1,7 faiz çoxdur. Təbii qazın istehlakında əsas pay isə istilik elektrik stansiyalarına məxsusdur. 2024-cü ildə Azərbaycanda istilik elektrik stansiyalarında 24 milyard 543,2 milyon kVt/saat, su elektrik stansiyalarında 3 milyard 11,0 milyon kVt/saat, digər mənbələrdən isə 839,9 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. 2023-cü ilə nisbətən yaşıl enerji mənbələrindən istehsal 1 milyard 728,7 milyon kVt/saat artaraq 3 milyard 850,9 milyon kVt/saat təşkil edib. İndi Azərbaycanın əsas məqsədi elektrik enerjisinin istehsalında yaşıl enerjinin payını artırmaqdır. Qarşıdakı 5 ildə ölkəmiz bərpaolunan enerji hesabına əlavə 6500 meqavat əldə edəcək. Bu isə elekrtrik enerjisinin istehsalında təbii qazın payını əhəmiyyətli dərəcədə azaldacaq. Qalan həcmlər ixraca yönəldilməklə Azərbaycana əlavə iqtisadi üstünlüklər qazandıracaq.
MTM Analitik Qrup