Yaponiyanın “ajmedia.jp” saytında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətində genişmiqyaslı hərbi təxribatı haqqında Müdafiə Nazirliyinin məlumatları yayılıb.
Yayılan xəbərdə bildirilir ki, Ermənistan silahlı qüvvələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Azərbaycan Ordusu qarşı tərəfin hərəkətini məhdudlaşdıraraq, onun qüvvə və texniki vasitələrinə zərbələr endirib. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Yaponiyalı izləyicilərin diqqətinə çatdırılıb ki, erməni hərbi qulluqçuları qorxu və təşviş içində mövqelərini tərk etməyə məcbur olublar. Düşmənin şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
Hazırda Ermənistan silahlı qüvvələrinin sərhədboyu yerləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.