YAPONİYA SAYTI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN SƏBƏBLƏRİNİ TƏHLİL EDƏN MƏQALƏ YAYIB

Aprelin 24-də Yaponiyanın “diamond.jp” saytı Ermənistan və Azərbaycan arasında uzun müddət davam etmiş və ötən ilin payızında Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmış Dağlıq Qarabağ münaqişəsi barədə məqalə yayıb.

“Dağlıq Qarabağ, Makedoniya və Kipr… münaqişələr və fikir ayrılıqlarının səbəbləri” adlı məqalənin birinci hissəsi artıq öz həllini tapmış Dağlıq Qarabağ münaqişəsindən bəhs edir. Bildirilir ki, məqalə bu yaxınlarda nəşr olunan və geniş müzakirələrə səbəb olan “Maraqlı xırdalıqlar: Dünya xəritəsi” adlı kitabda əksini tapan və bu kimi münaqişələrin səbəblərinin sadə yaponlar üçün asan başa düşüləcək dildə təhlili haqda material əsasında yazılıb.

Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən bəhs edən müəllif ilk olaraq ötən ilin payızında, bütün dünyanın diqqətinin koronovirus pandemiyasına yönəldiyi bir məqamda Ermənistan ilə Azərbaycan arasında baş verən döyüşlərdən bəhs edir. Bildirir ki, bu ərazi Qara dənizlə Xəzər dənizi arasında yerləşir və tarix boyu Azərbaycana məxsus olub. Ötən ilin noyabr ayında başa çatan döyüşlər Azərbaycanın tam qələbəsi ilə yekunlaşıb. Müharibə nəticəsində mülki əhali də daxil olmaqla beş mindən çox insan həlak olub.

Bildirilir ki, münaqişənin kökündə məhz Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları dayanırdı və Ermənistan Dağlıq Qarabağı özünə birləşdirməyə çalışırdı.

Məqalədə qeyd edilib ki, Sovet İttifaqının zəifləməsindən istifadə edən Ermənistan Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışıb. 1994-cü ilə qədər davam edən döyüşlər nəticəsində 30 minədək insan həlak olub. Həmin il hərbi əməliyyatlar dayandırılıb, atəşkəs imzalanıb. Həmin vaxtdan ötən dövr ərzində dünyanın heç bir ölkəsi Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Bildirilir ki, Dağlıq Qarabağa və qonşuluqdakı Azərbaycan torpaqlarına yerləşdirilən Ermənistan qoşunları 30 ilə yaxın bir dövrdə ərazini işğal altında saxlayaraq, etnik azərbaycanlıları buraya buraxmayıblar. Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayıb və 2020-ci ilin payızında öz torpaqlarını işğaldan azad edib.

Məqalədə bir daha vurğulanır ki, Sovet hakimiyyəti dövründə müsəlmanların çoxluq təşkil etdiyi ərazilərə xristian ermənilərin yerləşdirilib. Həmin vaxt yeridilmiş bu siyasətin acısını isə indiki nəsillər çəkir.

Məqaləyə dağıntılar içərisində qalmış Ağdam məscidinin fotosu da əlavə olunub.