YAPONİYA SAYTI AZƏRBAYCAN PREZİDENTİNİN YERLİ TELEKANALLARA MÜSAHİBƏSİNDƏN YAZIB

Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi haqda məlumat yayıb.

Prezident İlham Əliyevin “Laçın dəhlizi bizim nəzarətimizdədir, biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz” fikrini başlığa çıxaran sayt Rusiya sülhməramlılarının fəaliyyətinin Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadığını bildirib.

Azərbaycan Prezidentinin sözləri sitat gətirilərək qeyd edilib: “Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün daha geniş prizmadan yanaşmaq lazımdır və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar”.

Yazıda Azərbaycanın dövlət başçısına istinadla rus sülhməramlılarının indi önəmli funksiyanı yerinə yetirdiyi diqqətə çatdırılıb. Onların Kəlbəcər və Laçın rayonlarına Azərbaycan hərbçilərinin və yüklərin daşınmasını müşayiət etdiyi qeyd edilib. Azərbaycan Prezidentinin sülhməramlıların ümumi fəaliyyətinə müsbət yanaşdığı vurğulanıb.

Müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin indiki səviyyəsinin Prezident İlham Əliyev tərəfindən təhlil edildiyi, bu əlaqələrdə yeni elementlərin yarandığı diqqətə çatdırılıb. Sülhməramlı missiyanın ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyi qeyd edilib.

Yazıda, həmçinin Azərbaycanın dövlət başçısına istinadla Laçın dəhlizinin ölkəmizin nəzarətində olduğu və Azərbaycan hərbçilərinin burada istənilən maşını saxlamaq gücündə olduğu xüsusi vurğulanıb.