Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü və onun nəticələri barədə geniş məqalələr yayıb.
Məlumatlarda Azərbaycan Prezidentinin keçirdiyi görüşlər və həmin görüşlər barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat nümayəndələrinə açıqlaması əksini tapıb. Məqalələrdə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşün nəticəsi olaraq bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılığın əldə olunduğu vurğulanıb.
Bununla yanaşı, məlumatlarda tərəflərin qəbul etdiyi Soçi bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi, komissiyanın mandatına Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi əksini tapıb.