YAPONİYA PORTALI ERMƏNİLƏRİN AZƏRBAYCAN TORPAQLARINDA TÖRƏTDİKLƏRİ DAĞINTILAR BARƏDƏ VİDEOREPORTAJ HAZIRLAYIB

Yaponiyanın “fnn.jp” portalı ermənilərin 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb.
Reportajda portalın müxbirinin Azərbaycanın işğal altında olmuş şəhər və kəndlərində ermənilər tərəfindən törədilən vandalizm aktları barədə geniş məlumatı əksini tapıb.
Reportajın əvvəlində münaqişənin tarixi barədə məlumat verən müxbir ötən ilin sentyabr–noyabr ayları ərzində davam etmiş müharibədən bəhs edir. Münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarının dayandığı vurğulanır.
Azad edilmiş şəhər və kəndlərdə ermənilərin bütün tikililəri dağıtdığı, evlərin qapı-pəncərələrini, damlarını sökərək apardığı, yaşayış və sosial obyektləri yandırdığı yapon tamaşaçılara təqdim olunur.
Qeyd edilir ki, azad edilmiş ərazilərə gələn azərbaycanlılar burada yalnız dağıdılmış və yandırılmış yaşayış məskənləri ilə qarşılaşırlar. Ermənilər yalnız evləri yandırmaqla kifayətlənməyib, buradakı qiymətli ağacları da kəsib aparıblar. Həmçinin ermənilər tərəfindən basdırılmış minaların xəritələrinin Azərbaycan tərəfinə verilməməsi ərazidə hərəkətə ciddi təhlükə yaradır.
Reportajda hazırda Ermənistanda baş verən hadisələrə də toxunulur, ölkədə siyasi sabitliyin hələ də gərgin qaldığı, hakimiyyət uğrunda mübarizənin qızışdığı qeyd edilir.