YAPONİYA MƏTBUATI HEYƏTİNDƏ KEYSUKE HONDANIN DA OLDUĞU “NEFTÇİ”NİN AZƏRBAYCANI ÇEMPİONU OLMASINDAN YAZIR

Yaponiyanın aparıcı kütləvi informasiya vasitələri heyətində Keysuke Hondanın da olduğu “Neftçi” klubunun Azərbaycan çempionu olmasından yazır.

Yaponiyanın Kyodo agentliyinin bu barədə yaydığı “Heyətində Keysuke Hondanın olduğu “Neftçi” çempion oldu” başlıqlı yazısında mayın 19-da keçirilmiş “Neftçi”-“Qarabağ” oyunu barədə məlumat verilib.

Qeyd edilib ki, həmin oyunda 1:0 hesabı ilə qalib gələn “Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün çempionu olub. Bildirilib ki, son turadək 57 xalla lider olan “Qarabağ” ondan bir xal az toplayan “Neftçi”nin qonağı olub. “Dalğa Arena”dakı matç 1:0 hesabı ilə “Neftçi” klubunun qələbəsi ilə başa çatıb.

Bununla da xallarını 59-a çatdıran “Neftçi” “Qarabağ”ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. “Neftçi” 9-cu dəfə Azərbaycan çempionu olub.

Əlavə olaraq qeyd edilib ki, “Neftçi” bu qələbə ilə UEFA Çempionlar Liqasında iştirakını təmin edib.