YAPONİYA HÖKUMƏTİ TOKİODA DÖRDÜNCÜ DƏFƏ FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ ELAN ETMƏYƏ HAZIRLAŞIR

Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar vəziyyət gərginləşdiyinə görə, Tokioda dördüncü dəfə fövqəladə vəziyyət rejimi elan etməyə hazırlaşır.

Yaponiya KİV-lərinə istinadla xəbər veririk ki, bu barədə qərar iyulun 11-də Tokioda və digər səkkiz prefekturada antivirus tədbirləri ilə əlaqədar ciddi vəziyyətin başa çatması ərəfəsində qəbul edilir.

Bildirilir ki, mərkəzi hökumət virusa yoluxanların sayının sürətlə artdığı Tokioda fövqəladə vəziyyət rejimi elan etməklə vəziyyəti sabitləşdirməyə çalışır. Son məlumatlara görə, iyulun 7-də paytaxtda 920 yeni yoluxma halı qeydə alınıb. Bu, mayın ortalarından bəri ən yüksək göstəricidir.

Fövqəladə vəziyyət rejiminin avqustun 22-dək davam edəcəyi bildirilir.

Bununla yanaşı, hökumət Saytama, Çiba, Kanaqava və Osaka prefekturalarında virusa qarşı gücləndirilmiş tədbirləri də avqustun 22-dək uzatmağı planlaşdırır.

Virusa qarşı belə tədbirlərin müddətinin Hokkaydo, Aiçi, Kioto, Hyoqo və Fukuoka prefekturalarında əvvəlcədən planlaşdırıldığı kimi, avqustun 22-də başa çatacağı da qeyd edilir.

Bildirilir ki, hökumət bu barədə qərarı iyulun 8-də yoluxucu xəstəliklər üzrə mütəxəssisləri dinlədikdən sonra qəbul edəcək.