YAPONİYA AVQUSTUN 24-DƏ ZƏDƏLƏNMİŞ “FUKUSİMA-1” AES-DƏN SUYU BOŞALTMAĞA BAŞLAYACAQ

Yaponiyanın Baş naziri Fumio Kisida bu gün bəyan edib ki, təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, onun ölkəsi avqustun 24-də “Fukusima-1” atom elektrik stansiyasından təmizlənmiş radioaktiv suyu boşaltmağa başlayacaq. Bu barədə “Kazinform” informasiya agentliyi YONHAP-a istinadla bildirir.

Beynəlxalq Atom Enerjisi Agentliyi suyun boşaldılmasına dair ötən ay yekun icazə verərək, Yaponiyanın bu planının beynəlxalq standartlara uyğun olmasını bəyan etdikdən sonra bu mübahisəli qərar qəbul edilib.

“Fukusima-1” AES-də “Advanced Liquid Processing System” adı ilə tanınan xüsusi sistemin köməyi ilə təmizlənən 1,3 milyon tondan çox su saxlanılır. Çünki 2011-ci ilin martında sahilboyunda güclü zəlzələdən sonra üç reaktor əriyərək sıradan çıxıb.

“Fukusima-1” AES-də qəzadan sonra Cənubi Koreya 2013-cü ildən bəri Fukusima yaxınlığında yerləşən 8 yapon prefekturasından bütün növ dəniz məhsullarının şüalanma dərəcəsi ilə bağlı ehtiyat etməsi səbəbindən onların idxalına qadağa qoyub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Yaponiyanın suyun boşaldılması üzrə bu planının ətraf mühitə cüzi təsir edəcəyi barədə bəyanatına baxmayaraq, qonşu ölkələr, o cümlədən Cənubi Koreya və Çin bu suyun dəniz məhsullarını çirkləndirəcəyindən narahatdırlar. Yaponiyanın balıqçılıqla məşğul olan şirkətləri də suyun boşaldılmasına qarşı çıxış edərək, Fukusima və ona yaxın rayonlardan dəniz məhsullarının qiymətinin daha da aşağı düşə biləcəyindən ehtiyat etdiklərini bildiriblər.

Bəziləri Beynəlxalq Atom Enerjisi Agentliyinin qənaətini şübhə altına alırlar. Belə ki, Çin bu yaxınlarda bəyan edib ki, təşkilatın qiymətləndirməsi “Fukusima-1” AES-dən radioaktiv suların tullantısının “qanunilik və legitimliyinin sübutu deyil”.

2011-ci ildə baş verən dağıdıcı zəlzələ və sunami “Fukusima-1” AES-in elektrik təchizatı və soyutma sistemlərini zədələyib və bu da reaktorun aktiv zonasının həddindən artıq qızmasına, həmçinin stansiyanın daxilindəki suyun yüksək radioaktivli materialla çirklənməsinə səbəb olub.

O vaxtdan reaktorlarda yanacaq qırıntılarının soyudulması üçün yeni su vurulurdu. Eyni zamanda, qrunt və yağış sularının da sızması baş verirdi və bu da daha çox radioaktiv çirkab suları yaradırdı. İndi onları saxlamaq və təmizləmək tələb olunur.

“Tokyo Electric Power Company” (TEPCO) dövlət elektrik enerjisi şirkəti 1,32 milyon metrik ton çirkab suyunun (bu həcm 500-dən artıq olimpiya hovuzunu doldurmağa kifayət edir) saxlanması üçün 1000-dən artıq iri çənlər tikib.

Lakin boş sahələr sürətlə azalır. Şirkət təsdiq edir ki, çoxlu sayda çənlərin tikilməsi çıxış yolu deyil və ona stansiyanı istismardan təhlükəsiz çıxarmaq üçün yer boşaltmaq lazımdır. Bu prosesə obyektlərin dezaktivasiyası, konstruksiyaların sökülməsi və tam bağlanış daxildir.

Radioaktiv çirkab sularının tərkibində bəzi təhlükəli elementlər mövcuddur, lakin onların əksəriyyətini sudan kənarlaşdırmaq mümkündür. Şirkət bildirir ki, hazırkı problem hidrogenin izotopundadır, bu, radioaktiv tritium adlanır və onu aradan qaldırmaq mümkün deyil. Hazırda bundan ötrü əlçatan texnologiyalar yoxdur.

Lakin Yaponiya hökuməti və Beynəlxalq Atom Enerjisi Agentliyi çirklənmiş suyun çox durulaşdırılacağını və onilliklər ərzində aramla boşaldılacağını bəyan ediblər.

Bu isə o deməkdir ki, atılan tritiumun qatılığı digər ölkələrdə yol verilən miqdara bərabər və ya ondan aşağı, həmçinin beynəlxalq təhlükəsizlik və ətraf mühit normalarına müvafiq olacaq.

TEPCO, Yaponiya hökuməti və Beynəlxalq Atom Enerjisi Agentliyi, həmçinin təsdiq edirlər ki, tritiuma ətraf mühitdə təbii şəkildə yağış suyundan tutmuş dəniz suyu, kran suyunadək və hətta insan orqanizmində rast gəlinir. Buna görə də onun dənizə cüzi miqdarda tökülməsi təhlükəsiz olmalıdır.