“Nağdsız hesablaşmalar haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən bəzi ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Dövlət Vergi Xidmətinin məlumatına görə, sözügedən ödənişlərə ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər, pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər və tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər daxildir.
Bundan başqa, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları)” də nağdsız ödənişlər sırasına daxildir.