“YAGİ” QASIRĞASI ÇİNDƏ 1,2 MİLYONDAN ÇOX İNSANA ZİYAN VURUB

Çinin cənubunda 1,2 milyondan çox sakin “Yagi” qasırğasından müxtəlif dərəcədə zərər çəkib.

Çin Mərkəzi Televiziyası qasırğa nəticəsində 3 nəfərin öldüyünü, 95 nəfərin yaralandığını bildirib.

Təbii fəlakət şəhər və kənd yerlərində infrastruktura ciddi ziyan vurub, həmçinin nəqliyyat əlaqələrinin qismən dayandırılmasına səbəb olub. Şiddətli külək binaların damlarını uçurub, yük maşınlarını aşırıb.

Çin Sədri Si Cinpin qasırğanın nəticələrinin aradan qaldırılması üçün tədbirlərin gücləndirilməsi barədə göstəriş verib. O, zədələnmiş nəqliyyat, energetika, rabitə və digər infrastrukturların tezliklə bərpa olunmasına, insanların həyat və əmlakının təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsinə çağırıb.