XTNS-DƏKİ “AZƏRBAYCAN” PAVİLYONUNDA MÜSLÜM MAQOMAYEVİN DOĞUM GÜNÜ İLƏ ƏLAQƏDAR “NİZAMİ” FİLMİ TƏQDİM OLUNACAQ

Görkəmli sovet və Azərbaycan estrada və opera müğənnisi Müslüm Maqomayevin doğum günündə – avqustun 17-də rusiyalı tamaşaçılara “Nizami” filmi təqdim ediləcək.

Baş rolda Müslüm Maqomayevin çəkildiyi “Nizami” filminin nümayişi tanınmış müğənninin 80 illiyinə həsr edilib. Tədbir Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonu tərəfindən təşkil olunub.

“Azərbaycanfilm” və “Mosfilm” kinostudiyaları tərəfindən 1982-ci ildə çəkilən “Nizami” bədii filminin rejissoru Eldar Quliyevdir.

Tarixi-bioqrafik kinoroman dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəviyə həsr olunub. Filmdə Nizami rolunu Müslüm Maqomayev çox gözəl ifa edib, SSRİ Xalq artisti Vyaçeslav Tixonov isə bu rolu səsləndirib.