
“Critical Infrastructure Defense Challenge 2025” (“CIDC-2025”) tədbiri çərçivəsində təşkil olunan “Hack The Future 2” proqramı kibertəhlükəsizlik sahəsində biliklərini inkişaf etdirmək istəyənlər üçün unikal fürsətdir.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.
Bildirilib ki, XRİTDX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Critical Infrastructure Defence Challenge 2025” kibersahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya gətirir.
Cari il oktyabrın 9-10-da Bakı Konqres Mərkəzində türkiyəli ekspertlər tərəfindən keçiriləcək bu intensiv təlimlərdə iştirakçılar: “Süni intellekt: Nəzəriyyədən təcrübəyə”, “Praktiki nüfuzetmə testi”, “Tələbələr üçün nüfuzetmə testi və python skript yazma”, “Mobil tətbiq təhlükəsizliyi”, “Avadanlıq təhlükəsizliyi və nüfuzetmə testi”, “Rəqəmsal kriminalistika və insidentlərə cavab” mövzuları üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Hər təlim üzrə ilk 50 iştirakçıya ödənişsiz qatılmaq imkanı verilir. Qeydiyyat üçün: https://cidc.gov.az
Xatırladaq ki, “CIDC-2025” çərçivəsində “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcək. Bu təlimlərin məqsədi virtual kritik informasiya sistemlərinin kibertəhdidlərə qarşı müdafiəsinin gücləndirilməsi və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəolunması üzrə praktiki bacarıqların artırılmasıdır. Təlimlər zamanı 3-5 nəfərlik komandalar öz virtual informasiya sistemlərini simulyasiya olunmuş kiberhücumlara qarşı müdafiə etməyə çalışacaqlar. Təlimlərin mükafat fondu 30 min manat təşkil edəcək.
Tədbir çərçivəsində, həmçinin kibertəhlükəsizlik üzrə konfrans keçiriləcək. Tədbir iştirakçıları qlobal kibermühitdə süni intellekt, “deepfake”, “Zero Trust” kimi yeni texnologiyaların tətbiqi, real insidentlərin təhlili, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri və digər kiberməkanda mövcud problemlərlə bağlı təqdimat və panel müzakirələrdə iştirak edəcək, eləcə də ekspertlərdən real tövsiyələr alacaqlar.