XORVATİYA PORTALINDA ERMƏNİLƏRİN QARABAĞDA TÖRƏTDİKLƏRİ VANDALLIQ AKTLARI İLƏ BAĞLI MƏQALƏ DƏRC OLUNUB

Xorvatiyanın “Zagorje” portalında Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun rəhbəri Könül Nurullayevanın “Qarabağda 30 illik işğalın dərin izləri” adlı məqaləsi dərc olunub.
Məqalədə ötən il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın öz tarixi ərazilərini işğaldan azad etməsi barədə məlumat verilir. Bildirilir ki, bu gün bütün dünya Ermənistanın 30 ildən artıq işğal altında saxladığı və Vətən müharibəsi nəticəsində azad olunan Qarabağ torpaqlarının yerlə yeksan edildiyini görür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycandakı səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlərin azad edilmiş ərazilərə mütəmadi səfərləri təşkil olunur. Belə səfərlərdən biri bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarına oldu. Diplomatlar işğaldan azad edilən Azərbaycan torpaqlarında törədilən vəhşiliklərin, cinayət izlərinin əyani şəkildə şahidi oldular.
Müəllif Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiçin dağıdılmış Cəbrayıl şəhərindəki mənzərə ilə bağlı təəssüratlarını xatırladıb: “B.Zebiç bu dəhşətli səhnənin 30 il əvvəl Xorvatiyadakı mənzərə ilə oxşarlıq təşkil etdiyini vurğulayıb. Səfir digər diplomatik nümayəndəliklərin təmsilçiləri ilə birlikdə bölgədə sülh, əməkdaşlıq və inkişaf üzərində davamlı iş aparmağın vacibliyini qeyd edib. Vaxtilə on minlərlə insanın yaşadığı, çiçəklənən ərazilər olan şəhərlər, bütün infrastrukturun kütləvi şəkildə məhv olması səbəbindən ruhlar şəhərinə çevrilib. Təsadüfi deyil ki, azad olunduqdan sonra səfər zamanı xarici jurnalistlər tamamilə dağıdılmış Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıblar. Eyni sözlər digər şəhərlərə də aid edilə bilər. Ağdam kimi Zəngilan, Cəbrayıl və Qubadlı rayonları da tamamilə dağıdılıb”.
K.Nurullayeva, həmçinin məqaləsində qeyd edib ki, dağıntıların törədilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin izlərini məhv etmək, azərbaycanlıların bu ərazilərə qayıtmalarına maneçilik törətmək olub. Məqalədə Qarabağın tarixi Azərbaycan torpağı olması konkret faktlarla əsaslandırılıb: “Qarabağ tarixən Azərbaycan torpağıdır. 200 il əvvəl Qarabağda ümumiyyətlə, ermənilər olmayıb. 1805-ci il mayın 14-də Qarabağ xanının rus imperiyası ilə imzaladığı Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Coğrafi ərazinin adı da Azərbaycan sözüdür – “Qara” (qara həm rəng, həm də qədim türk mənbələrində “böyük” mənasını verir) və “bağ” sözlərinin birləşməsindən yaranıb. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilib”.
Qarabağda ermənilərin törətdiyi mədəni terrora da toxunan K.Nurullayeva yazır ki, burada bütün məscidlər dağıdılıb, 128 qədim alban kilsəsi saxtalaşdırılıb: “Təəssüf ki, bir neçə beynəlxalq təşkilatın araşdırma missiyası zamanı verilən hesabatlar bu həqiqətləri tam əhatə etməyib. Azərbaycan isə tolerantlıq nümunəsi göstərərək dini ayinləri yerinə yetirmək üçün Alban-udi icmasının nümayəndələrinin azad edilmiş ərazilərə səfərlərini təşkil etdi. 28 il sonra Alban-Udi icması Kəlbəcər və Laçındakı tarixi ibadətgahlarında yenidən dua edə bildilər”.
Məqalədə, həmçinin vurğulanır ki, azad olunmuş ərazilərdə qeydə alınan faktlar dünya mətbuatında da olduğu kimi işıqlandırılmalı, bu ərazilərə səfər edəcək faktaraşdırıcı missiyalar obyektiv hesabatlar hazırlamalıdır.