XOCALI SOYQIRIMININ BEYNƏLXALQ MİQYASDA TANINMASI TƏMİN OLUNUR

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı tarixi Zəfər fonunda Xocalı soyqırımı qurbanlarını anım tədbirləri son illərdə yüksək hərbi-vətənpərvərlik ruhunda keçirilir. Soyqırımı və digər ağır müharibə cinayətləri törətmiş Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı hərbi-siyasi məğlubiyyətə uğradılması, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində şəhərin işğaldan azad olunması tarixi ədalətin və beynəlxalq hüququn bərpası olub.

1992-ci il fevralın 26-na keçən gecə törədilən Xocalı soyqırımı qətliam nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib. Beynəlxalq və dövlətdaxili hüquqa əsasən, bu əməllərin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi onun məhz soyqırımı olduğunu sübut edir. Bu vandalizm aktı bəşəriyyətin soyqırımı kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc azərbaycanlı əhalini qorxudub mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olub.

1992-ci ildə BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın həmin dövrdə bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla, Xocalıda baş verən dəhşətli faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər həyata keçirməməsi olduqca üzücü və təəssüfləndirici fakt kimi xatırlanır. Halbuki beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ağır beynəlxalq cinayətlərdən biri sayılır.  BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində  qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir.

BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər – həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırım kimi tövsif edilməsinə əsas verir.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd ediliyi kimi: “Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və digər beynəlxalq humanitar norma və standartların kobud şəkildə pozulmasıdır”.

 Xatırladaq ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik Ulu Öndər Heydər Əliyevin xalqın istəyilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə və dünya dövlətlərinə qətliamın gerçək mahiyyəti açıqlanıb. “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanda isə faciəyə siyasi-hüquqi qiymət verilib.

Vətən Müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda Xocalı soyqırımını tanıyan ölkələrin sayı ilbəil artır. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, dünyanın 20-dək ölkəsi, ABŞ-ın 23 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib. Tarixi zəfərimizdən sonra azad edilmiş ərazilərimizə əcnəbi diplomat, bloger və jurnalistlərin müntəzəm səfərlərinin təşkili ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda, Xocalı soyqırımının tanıdılması baxımımdan əhəmiyyətli olub.

Fevralın 25-də Böyük Britaniya parlamentinin İcmalar Palatasının deputatı Bob Blekmenin Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürməsi də diqqətəlayiq məqamdır. Təşəbbüs çərçivəsində 26 fevral 1992-ci ildə baş vermiş soyqırımının siyasi-hüquqi qiymətləndirilməsi və qurbanların xatirəsinin anılması məsələsi qaldırılıb. Sənəd “Early Day Motion” formatında (deputatların müəyyən məsələ ilə bağlı rəsmi mövqe bildirməsi üçün təqdim etdiyi yazılı parlament təklifi) parlamentə olunub. Bu təşəbbüs Xocalı faciəsinin beynəlxalq müstəvidə müzakirəsinin genişləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondu da sistemli və ardıcıl tədbirlər həyata keçirir. Fondun təşəbbüsü ilə hazırlanan “Xocalı soyqırımı” filmi, “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqələri, fotosərgilər, nəşrlər və s. beynəlxalq ictimaiyyətdə faciə haqqında dolğun təsəvvürlər formalaşdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2008-ci ildə start verilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyasının 18 il müddətində davam etdirilməsi soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

XX əsrin əvvəllərində törədilmiş analoji faciələrdən fərqli olaraq, Xocalı soyqırımı cəmi 31 il əvvəl – müasir dünyanın gözü qarşısında baş verib. Dünya mediası hələ 1992-ci ildə soyqırımı ilə bağlı geniş reportaj və yazılar hazırlayıb. Müxtəlif ölkələrdən gəlmiş jurnalistlər Xocalı dəhşətlərini öz gözləri ilə görərək tarixiləşdiriblər. Çoxsaylı şahid ifadələri, istintaq materialları Xocalıda baş verənlərin soyqırımı olduğuna şübhə yeri qoymur.

MTM Analitik Qrupu