Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə Gənclər Fondunun dəstəyi ilə müxtəlif formatlı tədbir və layihələr təşkil olunacaqdır.
Tədbirlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri və Naxçıvan Gənclik Mərkəzində keçiriləcəkdir. Nümayəndəliklər tərəfindən rayon ərazisindəki Xocalı abidələrinin və Şəhidlər xiyabanlarının ziyarət edilməsi, rəsm, inşa, bədii qiraət müsabiqələrinin, Xocalı faciəsini əks etdirən rəsmlərdən ibarət sərgilərin, fləşmobların təşkil edilməsi nəzərdə tutulmuşdur. GİKM nümayəndəliklərində, həmçinin “Fəryad”, “Ümid ocağı”, “Zamanın faciəsi”, “Xoca”, “Dolu”, “Sonsuz dəhliz”, “Qırmızı qar” və digər filmlərinin nümayiş etdirilməsi, Xocalı faciəsinə həsr edilmiş teatr tamaşasının canlandırılması, “Xocalı faciəsi insan hüquqları müstəvisində” adlı tədbirin və gənclərlə tarixçilərin, faciə şahidlərinin görüşlərinin keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, gənclər təşkilatları və könüllü hərəkatları, tələbə-gənclər təşkilatları tərəfindən paytaxtda və regionlarda Gənclər Təşkilatlarının Resurs Mərkəzi və ali təhsil müəssisələrində Xocalı soyqırımı şahidləri ilə görüşlər, film nümayişləri, fləşmoblar və digər layihələr nəzərdə tutulmuşdur.
Eyni zamanda, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) vasitəsilə xarici ölkələrin aparıcı təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçiriləcəkdir.
Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının strateji hədəflərindən biri Xocalı soyqırımı ilə bağlı məhz gənclərin maarifləndirilməsidir.
Yuxarıda sadalanan fəaliyyətlərə qoşulmaq istəyən gənclər info@gikm.az və office@youthfoundation.az elektron poçtlarına müraciət edə bilərlər.
Xocalı soyqırımı ilə bağlı materiallardan istifadə edən zaman Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad edilməsi tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə məlumatları, həmçinin tədbirin keçirilməsinə lazımi dəstək ilə bağlı müraciəti info@justiceforkhojaly.org elektron poçt ünvanına göndərmək mümkündür.