XİN RƏHBƏRİ İRANLA MÜNASİBƏTLƏRDƏN DANIŞDI

Son həftələrdə İran tərəfdən müsbət mesajlar səsləndirilir. Biz bu mesajları yüksək qiymətləndiririk.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, məqsədimiz İranla əlaqələrimizi keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etdirməkdir: “Azərbaycanın Qarabağ bölgəsinə yük maşınlarının qanunsuz daxil olması ilə əlaqədar narazılığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, həmin hallar davam etmişdi. Daha sonra Azərbaycan ərazisində yoxlama həyata keçirilən zaman bilirsiniz ki, İran şirkətlərinə məxsus iki avtonəqliyyat vasitəsinin Azərbaycan ərazisinə qanunsuz daxil olduğu müəyyən edilmiş və onların sürücüləri saxalınılmışdı. Müxtəlif istiqamətlərdən diplomatik kanallarımız vasitəsilə danışıqlar davam etdirilib. Hesab edirəm ki, bu iqtiqamətdə normal nəticə əldə olunub. İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən də verilən rəsmi açıqlamada İrana aid yük maşınlarına Azərbaycan ərazisinə qanunsuz girişləri dayandırmaları barədə xəbərdarlıq edilmişdi.

Hesab edirəm ki, istənilən iki ölkə arasında fikir ayrılıqları ola bilər. Azərbaycan hər zaman bütün məsələlərin dialoq, qarşılıqlı münasibət, qarşılıqlı hörmət, bir-birinin daxili işinə qarışmamaq əsasında həll edilməsinin tərəfdarıdır”.