Moldova Respublikası, Polşa Respublikası və Slovakiya Respublikasından sonra Macarıstan da, yaranmış vəziyyətlə əlaqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.
Bu barədə XİN-dən bildirilib.
Sərhəd ərazisinə yaxın bölgələrdə yerləşən və ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Macarıstana gedə bilər:
– Ukrayna Macarıstan arasındakı Barabas, Beregsuranyi, Lonyai, Tiszetbecsi və Zahony sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstana daxil olmaq mümkündür.
– Macarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarına sərhəd-keçid məntəqələrində rüsumsuz 15 günlük viza rəsmiləşdirəcəkdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.
– Macarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi ilə +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün) və budapest@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Ukraynadakı vəziyyət ilə əlaqədar vətəndaşların təxliyə olunması üçün Macarıstanın Daxili İşlər Nazirliyinin Əməliyyat Mərkəzi ilə +36 1 4411960 telefon nömrəsi və muveletikozpont@bm.gov.hu elektron poçtu vasitəsilə əlaqə saxlanıla bilər.
“Bir daha vurğulayırıq ki, Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına hazırda ölkədə mövcud olan vəziyyətlə bağlı hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik”, – deyə XİN-dən bildirilib.