XİN: ERMƏNİ TƏRƏFİNİN APARILAN YÜKLƏRƏ EHTİYACI OLSAYDI, SÜLHMƏRAMLI KONTİNGENTDƏN YOLUN BLOKLANMASINI TƏLƏB ETMƏZDİLƏR

Ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hal-hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndinə keçidi gözləyir.

Bu Xarici İşlər Nazriliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində öz əksini tapıb.

“Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin “humanitar vəziyyət” ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil”, – məlumatda qeyd olunub.