XİN: 44 GÜNLÜK MÜHARİBƏDƏN SONRA 412 NƏFƏR MİNA PARTLAYIŞLARININ QURBANI OLUB

Qazaxın Bala Cəfərli kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

Xarici İşlər Nazirliyinin “X” hesabında sözügedən hadisə ilə bağlı paylaşım edilib.

Bildirilib ki, mina təhlükəsi hələ də Azərbaycanda insanların həyatına son qoymaqda davam edir.

“Bu gün ANAMA-nın əməkdaşı Ermənistan sərhədində mina partlayışı nəticəsində ağır yaralanıb.

Təkcə 2020-ci ilin 44 günlük müharibəsinin bitməsindən bu yana 412 nəfər mina partlayışlarının qurbanı olub.

Mülki şəxsləri hədəfə alan, bərpa işlərinə mane olan və təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

Bu hadisə həmçinin genişmiqyaslı minatəmizləmə əməliyyatları üçün sürətləndirilmiş və beynəlxalq dəstəyə olan təcili ehtiyacı bir daha göstərir”, – deyə paylaşımda qeyd edilib.