Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: “31 mart, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.
103 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.
Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.[1]
Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.
1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.
Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.
Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.
Üzərindən bir əsrdən çox zamanın keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan Azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törətmək siyasətini davam etdirdi. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməsini həyata keçirdi.
Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırım aktları, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycana qarşı növbəti hərbi təxribata cavab olaraq başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi.
Beləliklə də, Ermənistan bir əsr öncəki Mart qırğınının xatirələrini geri qaytardı.
Mart qırğınının günahsız qurbanlarını xatırlayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq. Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdi”.