22 yaşlı Azərbaycan vətəndaşı 2025-ci il yanvarın 2-dən 11-dək xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpkilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpkili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in birgə məlumatında bildirilib.
Qeyd edilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Birgə məlumatda bildirilib ki, xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.