
2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.
İmtahanların ilk mərhələsi bu il yanvarın 23-24-də keçirilib. İmtahan nəticələri barədə məlumat namizədlərə elektron kabinet vasitəsilə imtahanın keçirildiyi gün verilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər imtahanda diplomun etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən təsdiq edildikdən sonra iştirak edə bilərlər. Komissiyanın Qərarı ilə imtahana buraxılan şəxslərə buraxılış vərəqəsi verilir. Buraxılış vərəqəsi imtahana ən gec beş gün qalmış şəxsi kabinet vasitəsilə göndərilir. İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar buraxılış vərəqəsində qeyd olunur.
İmtahanda iştirak etmək üçün ötən il dekabrın 7-dək qeydiyyatdan keçmiş şəxslərin imtahanları davam etdirilir. İmtahanların birinci mərhələsinə cəlb edilməmiş şəxslər üçün keçiriləcək imtahanların tarixləri barədə Səhiyyə Nazirliyinin rəsmi internet saytında əlavə məlumat veriləcək.