XARİCİ ÖLKƏLƏRDƏ 34 NƏFƏRƏ VERİLMİŞ FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ HAQQINDA SƏNƏD AAK TƏRƏFİNDƏN TANINIB

Xarici ölkələrdə (Türkiyə, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Macarıstan, Ukrayna, Şimali Kipr Türk Respublikası, İtaliya, İsveçrə, Koreya Respublikası) 34 nəfərə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənəd 2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tanınıb.

Bu barədə Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 10 nəfərə iqtisad elmləri üzrə, 5 nəfərə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Tarix, hüquq elmlərinin hər biri üzrə 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. Həmçinin tibb, texnika, pedaqogika elmlərinin hər biri üzrə 2 nəfər, riyaziyyat, fizika, biologiya elmləri, əczaçılıq elmləri, sənətşünaslıq, sosiologiya və filologiya elmlərinin hər biri üzrə isə 1 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.