XARİCİ EKSPERT: AMULDAĞ QIZIL YATAĞININ İSTİSMARI XƏZƏRYANI ÖLKƏLƏRƏ CİDDİ EKOLOJI ZİYAN VURUR

“Mən Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin narahatçılığını bölüşürəm. Amuldağ qızıl yatağı İstisu mineral su mənbəyindən 10 kilometr məsafədə yerləşir. Bu yatağın istismarı İstisu mineral su bulaqlarına dağıdıcı ziyan vurur”.

Bunu Keniyada fəaliyyət göstərən “Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəri Kristina Yakama deyib.

Amuldağ qızıl yatağı Arpaçay və Bazarçay çaylarının arasında olan ərazidə yerləşir. Həmin çaylar Azərbaycan ərazisindən keçərək Araz çayına axır. Amuldağ yatağının istismarında uzun müddət zərərli və ətraf mühit üçün təhlükəli olan zəhərli maddələrin istifadəsi çay sularının çirklənməsinə səbəb olur.

Ekspert, həmçinin bildirir ki, bu yatağın istismarı Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə yaradır: “Arpaçay və Bazarçay Xəzər dənizinə axır. Bununla da Amuldağ qızıl yatağının istismarı Xəzəryanı ölkələrə ciddi ekolojı ziyan vurur, Ermənistanın qızıl mədənində aparılan qeyri-qanuni işlər Qafqaz dağlarını da uzun illərdir ki, parçalayır. Bu fəaliyyət insanların da xəstələnməsinə səbəb olur. Onun yaratdığı silikoz xəstəliyi nəticəsində qadınlar fiziki məhdudiyyətli uşaq dünyaya gətirirlər”.

Vaşinqton və Li Universitetinin elmi tədqiqatçısı Məryəm Daneş də Amuldağ qızıl mədənində aparılan qeyri-qanuni fəaliyyətin əhaliyə mənfi təsirindən narahatlığını bildirir. Hamilə qadınları toksik və radioaktiv materiallardan qorumağın olduqca zəruri olduğunu deyir.

“Mən, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri ilə həmrəy olaraq, Amuldağ qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işləri ilə məşğul olan şirkətlə bağlı öz dərin narahatçılığımı bildirirəm. Bu qızıl mədənində aparılan qeyri-qanuni fəaliyyət uzun illərdir ki, su resurslarına, o cümlədən təbii bulaqlara, çaylara, göllərə və həmçinin Qafqaz dağlarına və regionda yaşayan əhaliyə mənfi təsir göstərir”, – deyə ekspert bildirib.