Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı keçirilib və hər il belə festival keçiriləcək. Festivalda İordaniya, İsrail, İrak, Estoniya, Latviya, Mərakeş, Niderland, Türkiyə, Ukrayna, Yunanıstan kimi 13 ölkədən mədəniyyət nümayəndələri iştirak edib. Həmçinin Şuşa ISESCO tərəfindən “Islam Mədəniyyətinin paytaxtı” elan edilib.
Bu fikirlər Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın “Musulmansenfrance” portalında dərc olunmuş “Azərbaycan-incəsənət və istedadlar məkanı” adlı məqaləsində yer alıb.
Kristian Ponsölenin Bakıya sıfırı zamanı söylədiyi “Bu gün şəxsən Prezident İlham Əliyevin istəyi sayəsində Patrik-Jil Persin kimi nüfuzlu və tələbkar ekspert tərəfindən tərtib edilmiş Azərbaycan rəssamlarının seçilmiş möhtəşəm əsərləri ilə tanış olmaqdan, eləcə də bu gözəl ölkəyə səfərdən məmnunuq” fikri ilə başlayan məqalədə Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, əsrlər boyu mədəniyyətlərin, elm və incəsənətdən qidalanan qədim irsin beşiyi olan Azərbaycan sivilizasiyaların birləşdiyi məkanda yerləşir. Əsrlər boyu çox saylı icmaların nümayəndələrinin birgə yaşadığı bu məkanda ensiklopedik biliklərə və istedada sahib yeni nəsillər yetişib.
Məqalədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycanın aşıq sənəti haqqında ətraflı məlumat verilib. Bu sənətin milli kimliyin, dili, ədəbiyyatı, mədəniyyəti və musiqini qoruyub saxlamağa, mədəniyyətlər arası dialoqun təşviqinə töhfə verdiyi qeyd edilib.
Azərbaycan ədəbiyyatından söz açılaraq, Dədə Qorqud dastanı, eləcə də İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nizami Gəncəvi kimi Azərbaycan mütəfəkkirlərindən, dahi şairlərindən danışılıb.
Həmçinin, Azərbaycanın musiqi və opera məktəblərindən söz açılaraq, ənənəvi muğam musiqisi, caz-muğam musiqisinin təsisçisi Vaqif Mustafazadə haqqında ətraflı məlumat verilib.
Azərbaycanın musiqi məkanı olduğu qeyd edilərək, Qəbələ Musiqi Festivalı, “Muğam dünyası”, “İpək Yolu” beynəlxalq musiqi festivalları haqqında danışılıb. Tanınmış kinematoqraflarımız və beynəlxalq film festivallarında uğur qazanmış filmlərdən də yazılıb.