
Bu gün Xankəndi və Laçın şəhərlərində “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” festivalları keçirilir. 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının tərkib hissəsi olan festivallar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası tərəfindən həyata keçirilən “Yeni animasiya məhsulunun hazırlanması və ustad dərsləri” layihəsi çərçivəsində baş tutacaq.
Bu barədə Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor və prodüser Rəşid Ağamalıyev məlumat verib.
O bildirib ki, layihə çərçivəsində Xalq şairi Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemanın motivləri əsasında çəkilmiş “Bum-bum” qısametrajlı animasiya filminin təqdimatı və animasiya filminin ərsəyə gəlməsində keçilən yollar haqqında ustad dərsləri təşkil olunacaq.
“Biz çox sevinirik ki, “Bum-bum”u və yeni animasiya məhsulunun necə hazırlandığı barədə ustad dərslərini məhz Qarabağda, gündən-günə gözəlləşən, dirçələn, özünəməxsus ənənələrini bərpa edən Xankəndi və Laçın şəhərlərində tamaşaçılarımıza təqdim edirik. 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı çərçivəsində regionlarda təşkil olunan “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” festivalları bu gün Xankəndi şəhərində, 1 nömrəli körpələr evi-uşaq bağçasında və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin dəstəyi ilə Laçın şəhərində Bakı Abadlıq Xidmətinin, “Hoçazfilm” studiyasının “LACINEMA” Laçın Kino Mərkəzində keçiriləcək”, – deyə R.Ağamalıyev diqqətə çatdırıb.
O qeyd edib ki, tamaşaçılar əvvəlcə “Hədis”, “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, “Yer və Ay”, “Siçan və Pişik”, “Yulaf dönərgə” animasiya filmlərini izləyəcəklər.
Qeyd edək ki, təqdim olunan filmlər arasında “Hədis” ölkəmizi onun hüdudlarından kənarda 50-a yaxın beynəlxalq festivalda uğurla təmsil edərək çoxsaylı mükafatlar qazandırıb, “Narqız” isə TÜRKSOY-un Xüsusi Mükafatı sahibidir. Özbəkistan və Azərbaycan animasiya ustalarının birgə istehsalı olan “Yer və Ay” isə tamaşaçıların diqqətini qlobal ekoloji problemlərə cəlb edəcək. “Narqız”, “Yer və Ay” və “Yulaf dönərgə” filmləri Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA), “Tarix” və “Siçan və Pişik” isə Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunub.
Xatırlada ki, tədbir çərçivəsində keçirilən ustad dərslərini görkəmli animasiya ustası, Əməkdar mədəniyyət işçisi, animasiya rejissoru və rəssamı Elçin Hami Axundov və rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri, “Azərbaycan animasiyası” kitabında animasiya tariximizi qələmə alan Rəşid Ağamalıyev aparacaq.
