XANKƏNDİ-LAÇIN YOLUNDA RUSİYA SÜLHMƏRAMLILARI MÖVQELƏRİNİ GERİ ÇƏKİB

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq səkkizinci gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, dünəndən etibarən əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər görülməkdədir.

Aksiya iştirakçıları isə bundan istifadə etmək, irəli getmək fikrindən uzaqdırlar. Aksiya dinc formada davam edir.

Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.