XALQIMIZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ DƏRİN EHTİRAMLA ANIR

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötür. Ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini dərin ehtiramla anırlar.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar – Vətən müharibəsi qaziləri, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları var. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri düzür, işıqlı xatirəsi önündə baş əyirlər.

Ulu Öndərin ən böyük arzusu Qarabağın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Onun bu arzusu iki il əvvəl həqiqətə çevrildi. Otuz il işğal altında qalan torpaqlarımız Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Hazırda Azərbaycanın dövlət bayrağı Vətən torpaqlarında, Qarabağın tacı Şuşada dalğalanır.

Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsidir. Heydər Əliyev yolu Azərbaycanı daim irəli aparır.

Xalqımız öz xilaskarını, bütün həyatını doğma Vətəninin tərəqqisinə həsr etmiş Ümummilli Liderin xidmətlərini unutmur və unutmayacaq. Fəxri xiyabanda müşahidə olunan mənzərə bunu bir daha nümayiş etdirir.

X X X

Ulu Öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də yad edilir.