Dekabrın 14-də Azərbaycan Dillər Universitetində Xalq yazıçısı, akademik Kamal Abdullaya Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Yaşayan Dədə Qorqud” mükafatı təqdim olunub. Mükafatı Vəqfin rəhbəri Sərhad Kabaklı təqdim edib.
Qurumun məsul əməkdaşı, yazıçı İmdad Avşar Türk Ədəbiyyatı Vəqfinin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Vəqf Türkiyədə ən uzun ömürlü qurumlardan biri hesab olunur. Türk ədəbi mühiti üçün nüfuzlu ədiblərin yetişməsində Türk Ədəbiyyatı Vəqfinin mühüm rolu olduğu vurğulanıb. Qurumun əsasını görkəmli ictimai xadim, türk dünyasında xüsusi xidmətləri olan Ahmet Kabaklı qoyub.
Əsərləri bir sıra dillərə çevrilən Kamal Abdulla uzun illər apardığı elmi araşdırmalara, çox sayda elmi, bədii və bioqrafik əsərlərinə, türk mədəniyyətinə və ədəbiyyatına xidmətlərinə, türk dünyasının birliyi uğrunda həyata keçirdiyi elmi və ədəbi fəaliyyətə görə bu mükafata layiq görülüb.
Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib, göstərilən etimada görə təşəkkür edib. Xalq yazıçısı bildirib ki, belə bir mötəbər qurumun təsis etdiyi “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülmək böyük şərəfdir. Kamal Abdulla Türk Ədəbiyyatı Vəqfinə bundan sonrakı fəaliyyətində uğurlar arzu edib.