Bu gün tanınmış teatr və kino aktyoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Məmmədov 65 yaşında vəfat edib.
Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alıb.
“Qayınana”da Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik”də Ağacan, “O olmasın, bu olsun”da Rza bəy, Hambal, “Bəbirlinin kələkləri”ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.
Televiziyanın “Səhər görüşləri”ndə, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” verilişlərində, “Yaşıl eynəkli adam”, “Zümrüd quşu”, “Qayınana əməliyyatı”, “Get gətir”, “Əzəlim gözəlim”, “Mənim dayım” tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.
R.Məmmədov 2001-ci ildə Əməkdar artist, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.