Ötən gün vəfat edən Xalq artisti Əlibaba Məmmədov dəfn olunub.
Mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Ə.Məmmədovun ailə üzvləri, yaxınları, eləcə də mədəniyyət nazir Anar Kərimov, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.
Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.
Xalq artisti “İnandır məni”, “Yaşa hələ”, “Sən gərək güləsən”, “Səni gözlər” kimi məşhur mahnıları səsləndirib.
1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.
Xatırladaq ki, Xalq artistinin oğlu Seyran Məmmədov fevralın 17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xanəndənin qızı isə ötən il COVİD-19 virusundan rəhmətə getmişdi.