
X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda ilk panel iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Latviya Prezidenti Egils Levits, Slovakiyanın 2010-2012-ci illərdə Baş naziri İveta Radiçova, Norveçin 1997-2000 və 2001- 2005-ci illərdə Baş naziri Kyell Magne Bondevik, Robert F. Kennedy İnsan Haqları mərkəzinin Prezidenti Kerri Kennedi, İsveç Konfederasiyasının 2007- 2011-ci illərdə Prezidenti Mişelin Kalmi-Rey, Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko, NGBM-in həmsədri və 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa çıxış ediblər.
Paneldə çıxış edən Norveçin keçmiş baş naziri Xyel Maqne Bundevik BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin imtiyazlı mövqeyinin strukturun yenidən formalaşması prosesini qəlizləşdirdiyini əlavə edib.
Norveçli siyasətçi yekunda münaqişələrin tənzimlənməsinin ən yaxşı metodunun sülh və diplomatiya olduğunu qeyd edib.
Nobel mükafatı laureatı Şirin Ebadi 2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığını təzahürü olduğinu bildirib.
“İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik”,- deyə o əlavə edib.
Panel müzakirələrlə davam edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.



