XƏZƏR RAYONUNDA AVTOMOBİL YOLLARININ YENİDƏN QURULMASI İŞLƏRİNƏ BEŞ MİLYON MANAT AYRILDI

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam verib.

Sərəncamda deyilir:

– Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.