XƏZƏR ÖLKƏLƏRİ HƏRBİ ƏMƏKDAŞLIQ BARƏDƏ SAZİŞ ÜZƏRİNDƏ İŞİ SÜRƏTLƏNDİRƏCƏK

Xəzər “beşliyi” ölkələri Xəzər dənizində etimad və hərbi əməkdaşlıq tədbirlərinin möhkəmləndirilməsi barədə saziş üzərində işin sürətləndirilməsi barədə razılığa gəlib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasının yekununda mətbuat konfransında deyib.

“Hərbi qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Xəzər dövlətlərinin hərbi fəaliyyəti ilə bağlı etimad tədbirlərinin hazırlanması barədə saziş üzərində işlərin sürətləndirilməsi təklif olunur”, – deyə o bildirib.

S.Lavrovun sözlərinə görə, tərəflər təsdiq edib ki, Xəzər dənizi bölgəsində Xəzərə çıxışı olmayan ölkələrin silahlı qüvvələrinin mövcudluğu istisna olunur.

“Bu, ümumilikdə gəmiçiliyə, o cümldən, mülki gəmiçiliyə aiddir. Xəzər dənizinin hüquqi statusu barədə konvensiya çərçivəsində burada yalnız Xəzər ölkələrindən birinin bayrağı altında gəmilərin üzə bilməsi barədə qərar verilib”, – rusiyalı nazir deyib.