
Azərbaycan-Pakistan əməkdaşlığının sistemli xarakter alması Bakının son illərdə apardığı çoxvektorlu təhlükəsizlik və xarici siyasət xəttinin məntiqi davamıdır. Azərbaycan artıq öz təhlükəsizliyini yalnız postsovet məkanına və ya bir mərkəzə bağlayan ölkə deyil; əksinə, regional və regionlararası tərəfdaşlıqlar üzərindən strateji manevr imkanlarını genişləndirən aktor kimi çıxış edir. Pakistanla hərbi-dəniz və kadr hazırlığı sahəsində əməkdaşlığın dərinləşdirilməsi də bu kontekstdə təsadüfi deyil.
Pakistan Hərbi Dəniz Qüvvələrinin Hərbi Dəniz Qərargah rəisi admiral Nəvid Əşrəf və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Şahin Məmmədov arasında İslamabadda keçirilən görüş Azərbaycanın hərbi diplomatiyasının coğrafiyasının genişləndiyini göstərir. Xəzər hövzəsində yerləşən Azərbaycan üçün dəniz təhlükəsizliyi təkcə regional məsələ deyil, eyni zamanda enerji marşrutları, logistika və beynəlxalq ticarət xətləri ilə bağlı strateji əhəmiyyət daşıyır.
Pakistan kimi Hind okeanına çıxışı olan, ciddi dəniz və aviasiya təcrübəsinə malik ölkə ilə əməkdaşlıq Bakıya dolayı yolla daha geniş dəniz-strateji düşüncə və təcrübə qazandırır. Bu əməkdaşlıq eyni zamanda Türkiyənin artıq uzun müddətdir Azərbaycan rəhbərliyinin əsas hərbi müttəfiqi kimi çıxış etməsi faktoru ilə birlikdə qiymətləndirilməlidir. Türkiyə-Azərbaycan-Pakistan üçbucağı Bakı üçün yalnız emosional və ya ideoloji yaxınlıq üzərində qurulan ittifaq deyil.
Bu, real hərbi uyğunluq, doktrina və təlimlərin uzlaşdırılması, kadrların eyni təhlükəsizlik fəlsəfəsi əsasında yetişdirilməsi deməkdir. Azərbaycan bu üçbucaqda passiv tərəf deyil, əksinə, Türkiyə vasitəsilə NATO standartlarına yaxınlaşan, Pakistan vasitəsilə isə Asiya hərbi təcrübəsinə çıxış əldə edən mərkəzi halqaya çevrilir.
Pakistanın Qafqaz blokunun aviasiya və dəniz sahələrində mühüm tərəfdaşa çevrilməsi Azərbaycan üçün əlavə strateji üstünlük yaradır. Bu əməkdaşlıq Şərqi Aralıq dənizi, Xəzər və Hind okeanı xətti boyunca uzanan qeyri-formal, lakin funksional təhlükəsizlik konturunun formalaşmasına şərait yaradır. Azərbaycan bu konturda özünü yalnız regional oyunçu kimi deyil, geniş geosiyasi xəttin bir hissəsi kimi mövqeləndirir. Bu isə Bakının beynəlxalq danışıqlarda çəkisini artırır və ona alternativ tərəfdaşlar hesabına manevr imkanı verir. Eyni zamanda, Azərbaycan prizmasından baxıldıqda bu əməkdaşlıq balanslı şəkildə idarə edilməlidir.
Belə bir hərbi-siyasi şəbəkəyə inteqrasiya bir tərəfdən ölkənin hərbi imkanlarını, təlim səviyyəsini və texnoloji çıxışını artırır, digər tərəfdən isə onu müəyyən blok məntiqinə daha sıx bağlaya bilər. Bakı indiyə qədər bu balansı qorumağı bacarıb və Pakistanla əməkdaşlıq da məhz Azərbaycanın suveren qərarvermə imkanlarını zəiflətməyən, əksinə gücləndirən formatda qurulur.
Nəticə etibarilə, Azərbaycan-Pakistan hərbi əməkdaşlığı Bakının regional çərçivəni aşaraq daha geniş təhlükəsizlik arxitekturasına inteqrasiya olunduğunu göstərir. Bu, Azərbaycanın təkcə hərbi potensialının artması deyil, həm də özünü müstəqil, alternativ tərəfdaşlıqlara açıq və strateji düşünən dövlət kimi təqdim etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
MTM Analitik Qrup
