XƏZƏR DƏNİZİNDƏ DALĞANIN HÜNDÜRLÜYÜ 2.5 METRƏ ÇATIB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 1-nə olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub, dolu düşüb, şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Xidmətdən verilən məlumata görə, aprelin 30-da saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar, Borsunlu kəndlərinə, Dəliməmmədli şəhərinə 12-13, 15:07 radələrində Goranboy rayonunun Erkeç Mənəşli, Gürzallar, Rus Borisi kəndlərinə və Böylü qəsəbəsinə 4-5, saat 15:38-15:51 radələrində Zaqatala rayonu və rayonun Muxax, Çobankol, Car kəndlərinə 22-25, 15:13 radələrində Lənkəran rayonunda 1, 16:28-16:30 radələrində Naftalanda 0.6, 19:11 radələrində Tərtərdə 6, 19:30 radələrində Tərtər rayonunun Səhləbad, Əskipara, Evoğlu, Qarağacı, Qaradağlı, Qapanlı kəndlərinə 14-15, 19:40-19:42 radələrində Tərtər rayonunun İsmayılbəyli kəndinə 12, mayın 1-i saat 00:50-00:52 radələrində Gədəbəy rayonuna 10, saat 08:48-08:51 radələrində isə Naftalan rayonuna 0.7 millimetr olan dolu düşüb.

Düşən yağıntının miqdarı Ağcakənd məntəqəsi (Goranboy) 120 (üçaylıq normaya yaxın), Qax 28, Şəkidə 19, Mingəçevirdə 17 (aylıq normanın 50 faizi), Zaqatalada 13, Naftalan, Sabirabadda 10, Şahdağda 9, Göygöldə 8, Balakəndə 7, Cəfərxanda 6, Lerikdə 5, Lənkəran, Qırızda 4, Şamaxı, Ağstafa, Altıağac, Xaltanda 3, Gəncə, Tovuz, Qobustan, Tərtər, Astarada 2, Daşkəsən, Gədəbəy, Ceyrançöl, İsmayıllı, Qusar, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Biləsuvarda, o cümlədən Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Aprelin 30-da Goranboy rayonu ərazisindən axan Gorançaydan və ona tökülən kiçik qollarından qısamüddətli sel keçib. Aprelin 30-da gecə saatlarında Samux rayonu ərazisindən axan Qabırrı-Kəsəmən avtomat hidroloji məntəqəsində suyun səviyyəsi kəskin artıb və çayda sel hadisəsi qeydə alınıb. Mayın 1-də saat 03:45-dən başlayaraq Qabırrı-Kəsəmən avtomat hidroloji məntəqəsində suyun səviyyəsi yenidən artmağa başlayıb və hazırda çayda sel müşahidə edilir.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 24, Ağsuda 21, Şəkidə 20, Qax, Tərtərdə 16, Bakıda və Abşeron yarımadasında 18-23 metr/saniyəyədək güclənib. Neft Daşları Stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.