XƏBƏRDARLIQ: HAVA ŞƏRAİTİ DƏYİŞƏCƏK

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə dəyişəcəyi, şimal-qərb küləyinin sürətinin 15-20 metr/saniyə olacağı, arabir saniyədə 23-28, yarımadanın bəzi yerlərində arabir 30-33 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 20-si gün ərzində hava arabir yağıntılı olacaq, havanın temperaturu gecə və gündüz 2-5° isti təşkil edəcək.

Dekabrın 19-dan 20-ə keçən gecə Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Qərb küləyinin sürəti arabir 15-20, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyə olacaq. Havanın temperaturunun dağlıq və dağətəyi rayonlarda gecə 10-15°, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0°-yə yaxınlaşacağı bildirilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.