“WEB OF SCİENCE” APARICI ELMİ NƏŞRLƏR BAZASINDA AZƏRBAYCANLI ALİMLƏRİN GÖSTƏRİCİLƏRİ ARTIB

“Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb. Belə ki, 2024-cü ildə alimlərimiz tərəfindən bu bazada indekslənən elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə çox olub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib.

“Məqalələrin 325-i dünyada ən çox oxunan 10 faiz, 85-i isə 1 faiz elmi işlərin arasında yer alıb.

Bu nəticələr ölkə alimlərinin dünyada nüfuzunun artdığını göstərir və gələcəkdə elm sahəsində əldə olunacaq beynəlxalq uğurlara işarə edir”, – deyə paylaşımda qeyd olunub.