VOLODİMİR ZELİNSKİ PREZİDENT İLHAM ƏLİYEVİN UKRAYNAYA SƏFƏRİNİ BÖYÜK RƏMZİ XARAKTER DAŞIYAN XÜSUSİ SƏFƏR ADLANDIRIB

Bu gün biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi apardıq. Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelinski mətbuata bəyanatında bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə səfərini böyük rəmzi xarakter daşıyan xüsusi bir səfər adlandıran Ukraynanın dövlət başçısı deyib: “O cümlədən biz təhlükəsizlik məsələləri – Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq”.

Ukrayna Prezidenti qeyd edib ki, kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı: “Bunlar çox vacibdir. Qarşımızda planlarımız çoxdur və bu gün biz cənab Azərbaycan Prezidenti ilə geniş müzakirə apardıq. Bizim məhz qida təhlükəsizliyi sahəsində razılaşmamız, o cümlədən ticarət sahəsində aparılan müzakirələr geniş imkanlar yaradır”.