VLADİMİR PUTİN İLƏ EMMANUEL MAKRON QARABAĞI MÜZAKİRƏ EDİBLƏR

Rusiya prezidenti Vladimir Putin Fransa dövlət başçısı Emmanuel Makrona 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı üçtərəfli müqavilələrin icrasının gedişatı barədə məlumat verib.

Kremlin saytında verilən məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə Vladimir Putinin Fransanın prezidenti Emmanuel Makron ilə telefon danışığı olub.

Məlumata əsasən, danışıq zamanı bölgədəki vəziyyətin, əsasən Rusiya sülhməramlılarının olması sayəsində sabit qaldığı qeyd edilib:

“Normal iqtisadi fəaliyyətin qurulması, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün ilk şərtlər yaradılıb. Rusiya prezidenti hərbi əməliyyatlardan zərər çəkən bölgələrin əhalisinin humanitar problemlərinin həllində Avropalı tərəfdaşların və xüsusilə Fransanın daha yaxından iştirakının zəruriliyinə diqqət çəkib. ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə əlaqələndirməyə qarşılıqlı hazırlıq ifadə edilib”.