Bakı və Yerevan Qarabağda qan tökülməsini dayandırmağa, ötəri siyasi konyunkturun fövqündə dayanmağa və çox məsul qərarlar qəbul etməyə nail olublar.
Rusiya Prezidenti Vladimir Putin bu fikri “Valday” beynəlxalq diskussiya klubunun iclasında söyləyib.
RF Prezidenti deyib: “İlk növbədə həm Azərbaycan Prezidentinin, həm də Ermənistanın baş nazirinin siyasi müdrikliyini qeyd etmək lazımdır. Hər halda onlar çox məsul qərarlar qəbul edə bildilər. Bilirəm ki, bu ölkələrin hər ikisində ölkə rəhbərlərindən narazı olanlar da var. Həmişə elə siyasi qüvvələr var ki, onlar nədənsə narazıdır, yaxud hesab edirlər ki, daha yaxşı hərəkət etmək olardı. Həmişə də onlara cavab belə olur: çalışın siz daha yaxşı hərəkət edin. Hər halda Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər. Mələsə təkcə bunda deyil, hərçənd insanların həyatını qoruyub saxlamaqdan daha vacib heç nə ola bilməz. Daha mühüm aspektlər var. Bütün regionda uzunmüddətli nizamlama üçün şərait yaradılmalıdır”.
Rusiya dövlətinin başçısının fikrincə, bu şərait o halda yaradıla bilər ki, hər iki tərəf əldə edilmiş razılaşmaları uzunmüddətli razılaşmalar kimi qəbul etsin, hər iki tərəf dinc yanaşı yaşamağın üstünlüyünü qəbul etsin. Bu, hamının marağına uyğundur. Azərbaycan Naxçıvanla normal əlaqənin həyata keçirilməsini istəyir. Ermənistan da kommunikasiyaların açılmasında maraqlıdır. Bu, Ermənistanın qarşısında duran birinci dərəcəli məsələlərdən biridir. Səmərəli iqtisadi həyatı, regionda, o cümlədən Azərbaycanla gələcəkdə səmərəli qarşılıqlı fəaliyyəti nizamlamaq lazımdır. Prinsip etibarilə Ermənistan Türkiyə ilə özünün münasibətlərini bərpa etməkdə maraqlıdır. Bu, hər iki halda əsas məqsədə – iki dövlətin təhlükəsiz yanaşı yaşamasına və iqtisadi inkişaf üçün şərait yaradılmasına gətirib çıxarmalıdır”.
RF Prezidenti vurğulayıb ki, Rusiya qan tökülməsinə son qoymaq üçün əlindən gələni edib. Hazırda Rusiya sülhməramlıları öz borclarını ləyaqətlə yerinə yetirirlər.
V.Putin deyib: “Lakin təəssüf ki, insidentlər baş verir, insanlar həlak olur, amma eyni zamanda uzun illər boyu davam etmiş qarşıdurmadan sonra tamamilə ideal mənzərəni təsəvvür etmək yəqin ki çətindir. İndi ən başlıca məqsəd sərhəddə vəziyyəti tənzimləməkdir. Əlbəttə, burada da Rusiyanın iştirakı olmadan heç nə etmək mümkün deyil. Bizə iki tərəfdən və Rusiyadan başqa heç kəs lazım deyil. Adi praqmatik məsələlər var. Ona görə ki, Rusiya ordusunun baş qərargahında olan xəritələrdə sovet dövründə müttəfiq respublikalar arasında sərhədlərin necə keçdiyi göstərilib. Hər iki tərəf bu sənədlərə əsaslanaraq razılığa gələ bilər. Orada elə məqamlar var ki, onlar qarşılıqlı kompromis tələb edir”.
“Biz çoxtərəfli format tapmağın, cümlədən Minsk qrupunun işini fəallaşdırmağın tərəfdarıyıq”, – deyən Rusiya Prezidenti daha sonra əlavə edib: “Biz tərəfdaşlarımızla bu məsələ üzərində işləyirik. Ən vacibi əsas məqsədə çatmaqdır: təhlükəsizlik şəraiti yaratmaq və gələcəkdə pozitiv münasibətlər qurmaq. Məsələ onda deyil ki, üçtərəfli bəyanata müvafiq olaraq Rusiya kontingentinin orada olma müddətini artırmaq mümkündür. Məgər məsələ bundadır? Məsələ ondadır ki, iki ölkə arasında münasibətlər qurulmalıdır. Ən başlıca məsələ budur və ümidvaram ki, biz bunu edə biləcəyik”.
V.Putin fikrini dəqiqləşdirərək əlavə edib ki, bu, yalnız Azərbaycanın və Ermənistanın dinc yanaşı yaşamağın müsbət cəhətlərini qiymətləndiriləcəkləri halda mümkündür. Rusiya lideri vurğulayıb ki, bu halda regionda nəqliyyat yollarını və iqtisadi əlaqələri bərpa etmək mümkün olacaq, nəticədə hər iki ölkənin təhlükəsizliyi üçün şərait yaranacaq.