VİZASIZ REJİM: ÇİN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsi haqqında sazişi təsdiqləyib. Bu hadisə iki ölkə arasındakı strateji əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu qərar təkcə diplomatik jest olmaqla yanaşı, iqtisadi, siyasi və mədəni sahələrdə çoxşaxəli əlaqələrin sürətlənməsinə geniş imkanlar açır. Təbii ki, bu mühüm qərarın kökləri bu ilin aprelində Prezident İlham Əliyevin Çinə etdiyi rəsmi səfərə dayanır. Səfər zamanı bir sıra strateji sənədlər imzalandı və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə” qəbul edildi. Bu sənəd, ikitərəfli münasibətlərin artıq ən yüksək səviyyəyə strateji tərəfdaşlıq səviyyəsinə çatdığını təsdiqləyir. Təsadüfi deyil ki, Çin rəsmiləri Prezident Əliyevin səfərini “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələr arasında əməkdaşlığın nümunəsi kimi qiymətləndirdilər.

Səfər çərçivəsində nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalandı. Ən mühüm bəndlərdən biri isə məhz vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq məqsədilə viza rejiminin sadələşdirilməsi və daha sonra tamamilə ləğv olunması idi. Artıq bu qərarın reallaşması ikitərəfli münasibətlər üçün praktik mərhələyə keçidi simvolizə edir. Çünki viza rejiminin ləğvi yalnız turizm axınının artması ilə nəticələnməyəcək. Əvvəla, bu addım Çin sərmayəçiləri üçün Azərbaycanı daha əlçatan və cəlbedici edir. Çinin Cənubi Qafqaz regionunda artan marağını nəzərə alaraq vizasız rejim Çin biznesmenlərinin Bakıya və digər iqtisadi zonalara səfərini sürətləndirəcək. Xüsusilə azad iqtisadi zonalar, məsələn, Ələt Azad İqtisadi Zonasına Çin kapitalının cəlb olunmasında önəmli rol oynayacaq.

Digər tərəfdən, Azərbaycanın qeyri-neft sektoruna – kənd təsərrüfatı, logistika, turizm və yüngül sənayeyə Çinlə əməkdaşlıq daxilində yeni nəfəs gələcək. Belə ki, Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə strateji mövqeyi, Çin üçün Avropaya çıxışda əvəzsiz tranzit məkanı olaraq qalır. Vizasız rejim bu logistika dəhlizinin daha effektiv istifadəsini təmin etməklə yanaşı, iki ölkənin logistika şirkətləri arasında birbaşa təmasları da asanlaşdıracaq.

Daha bir məqam turizm sahəsində qarşılıqlı maraqla bağlıdır. Çin vətəndaşlarının Qafqaza, xüsusilə də Azərbaycan mədəniyyətinə və təbiətinə artan marağı, həmçinin Azərbaycan vətəndaşlarının Çin tarixinə marağı turizm əlaqələrinin genişlənməsinə təkan verəcək. Vizasız rejim turizm şirkətlərinin birgə layihələr həyata keçirməsi, birbaşa aviareyslərin sayının artırılması və qrup turların təşkili üçün yeni imkanlar da açır.

Bu qərar daha böyük geosiyasi proseslərin tərkib hissəsi kimi də qiymətləndirilə bilər. Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Asiya ilə Avropa arasında alternativ marşrutlar axtarır və bu kontekstdə Azərbaycan əvəzsiz rol oynayır. Bakı ilə Pekin arasında güclənən əməkdaşlıq, xüsusən də viza rejiminin aradan qaldırılması bu marşrutun sabit və təhlükəsiz olması üçün siyasi iradənin mövcudluğunu göstərir. Azərbaycan üçün isə Çin bazarı strateji əhəmiyyət daşıyır. Çünki bu bazar təkcə xammal deyil, həm də hazır məhsul və texnologiya ixracı üçün böyük potensiala malikdir. Bu baxımdan ikitərəfli münasibətlərin intensivləşməsi Azərbaycanın Şərqlə münasibətlərində balansı qorumaq, həm Rusiya, həm də Qərb arasında alternativ tərəfdaşlıq formatlarını inkişaf etdirmək üçün mühüm fürsətdir. Beləliklə, Çinlə Azərbaycan arasında viza rejiminin ləğv edilmsəsinə sadə texniki qərar kimi baxmaq doğru deyil. Bu, iki ölkə arasında strateji əlaqələrin dərinləşməsi, qarşılıqlı etimadın artması və regional əməkdaşlıq formatlarının genişlənməsi deməkdir. Prezident İlham Əliyevin Pekin səfəri ilə başlanmış bu yeni mərhələ təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün iqtisadi və siyasi mənzərəni dəyişmək potensialına malikdir. Bu baxımdan, viza rejiminin aradan qaldırılması gələcəkdə daha geniş inteqrasiyanın təməl daşı kimi tarixə düşdü.

MTM Analitik Qrup